Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 2025-ci ilin 1 aprel tarixinə 73 milyard 766.7 milyon ABŞ dolları olub ki, bu da indiyə qədər qeydə alınan rekord həcmdir.
Dövlət Neft Fondu ilk rübdə hərraclarda 2,4 milyard dollar satıb
FED.az xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.
Bununla da, strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 2 mlrd. 775.8 milyon dollar və ya 4 faiz artımdır.
Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2025-ci il mart ayının 31-nə ARDNF-nin aktivləri 2024-cü ilin sonuna (60 milyard 031.4 milyon ABŞ dolları) nisbətən 4.5% artaraq 62 milyard 740.2 milyon ABŞ dolları təşkil etmişdir.
Mərkəzi Bankın strateji valyuta ehtiyatları isə ilin əvvəlində 10 milyard 959.5 milyon dollar olduğu halda, rübün sonuna 11 milyard 26.5 milyon dollar olub.
Strateji valyuta ehtiyatları – bir ölkənin Mərkəzi Bankı və ya ARDNF tərəfindən saxlanılan xarici valyuta, qızıl ehtiyatları və digər beynəlxalq likvid aktivlərdir. Bu ehtiyatlar əsasən ABŞ dolları, avro, funt sterlinq və digər güclü valyutalarda saxlanılır.
Mərkəzi Bank və ARDNF cütlüyü ehtiyatlardan istifadə edərək manatın məzənnəsini sabit saxlanılmasında əsas rol oynayır.
2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının iştirakı ilə həyata keçirilən hərraclarda 2 milyard 420.6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Ötən ilin eyni dövründə yerli banklara 1 mlrd. 835.8 mln. dollar satdığını nəzərə alsaq, bu illik müqayisədə 584.8 mln. dollar və ya 31.9% artım deməkdir.