Yaxın vaxtlarda Azərbaycanda Notariat Palatasının təsis edilməsi gözlənilir. FED.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov bildirib.
Onun sözlərinə görə, bu yenilik «Notariat haqqında» bir qədər əvvəl edilən dəyişikliklərdə nəzərdə tutulub: «Hazırda Notariat Palatasının Əsasnaməsinin layihəsi hazırlanır. Güman edirəm ki, yaxın vaxtlarda notariusların ümumi yığıncağı keçirilərək Notariat Palatasının Əsasnaməsi qəbul olunacaq və palata təsis ediləcək. Bundan sonra palata fəaliyyətə başlayacaq».
Eləcə də bax: SOCAR-da 4500 boş iş yeri var – İSTƏYƏN MÜRACİƏT ETSİN
Notariat Palatası qeyri-kommersiya təşkilatıdır və bura notariusların üzvlüyü məcburi olacaq. Palata özündə xüsusi notariusları birləşdirir. İ.Məmmədov bidirib ki,
«Bu gün ölkəmizdə iqtisadiyyatın, mülki dövriyyənin inkişafı ilə bağlı notariat xidmətlərinə tələbat artıb. Ona görə müqavilələrin və etibarnamələrin təsdiqinə böyük zərurət var. Bu sahədə Ədliyyə Nazirliyi tərəfindən geniş islahatlar aparılıb. Əvvəllər yalnız dövlət notariusları mövcud idi. Hazırda ölkəmizdə notariusların 83 faizini xüsusi notariuslar təşkil edir. Xüsusi notariuslara keçidin bir sıra üstünlükləri var”, - deyə qeydiyyat və notariat baş idarəsinin rəisi vurğulayıb.