Azərbaycanda 5514 nəfər peşəkar mühasib sertifikatı alıb.
“e-mühasibat” informasiya sistemi yaradılır
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində, büdcə gəlirlərinin formalaşmasında, məşğulluğun təmin edilməsində iştirak edən iri, orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və bir sıra publik hüquqi şəxslərin qarşısında qoyulan tələblərdən biri də baş mühasiblərinin peşəkar mühasib olmasıdır.
Mühasiblərin sertifikasiyası beynəlxalq səviyyədə qəbul edilmiş bir tələb və normadır. Bu baxımdan mühasiblərin peşəkarlıq sertifikasiyasına cəlb olunması hər bir ölkənin, o cümlədən Azərbaycan Respublikasının milli qanunvericiliyi ilə təsbit olunur. Belə ki, “Mühasibat uçotu haqqında" Qanunun tələblərinə uyğun olaraq, bir sıra təşkilatların baş mühasibləri peşəkar mühasib olmalıdır. Peşəkar mühasib Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatını almış və peşəkar mühasib təşkilatının üzvü olan şəxsdir. Peşəkar mühasib sertifikatı isə peşəkarlıq səviyyəsinə uyğunluğu təsdiq edən sənəddir.
Peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti beş ildir. Peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək istəyən şəxs peşəkar mühasib sertifikatının qüvvədə olma müddətinin sonuncu ilində növbəti sertifikatı almaq üçün yenidən imtahanlarda iştirak etməli və peşəkar mühasib sertifikatı almalıdır. Sözügedən sertifikatı alaraq fəaliyyətə başlayan şəxs sonradan iki dəfə eyni standart üzrə sertifikat aldıqda, sonuncu sertifikat ömürlük verilir və həmin şəxs qeyd olunan standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb olunmur.
Peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib. Hazırda həmin reyestrə əsasən 5514 nəfər peşəkar mühasib sertifikatı almış şəxs var.