Azərbaycanda manatın ABŞ dollarına nisbətinin ən azı 2028-ci ilin sonuna kimi bir dollar üçün 1,7 manat səviyyəsində qalacağı proqnozlaşdırılır.
Beynəlxalq reytinq agentliyindən dollar/manat məzənnəsi ilə bağlı - PROQNOZ
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
Qeyd edilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025- 2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində səviyyəsində götürülmüşdür.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında təqdim olunan proqnozlara əsasən baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2025-ci il üçün 70 ABŞ dolları və 2026-2028-ci illər üçün 65 ABŞ dolları fərz edilmişdir. Təbii qazın min kubmetrinin orta illik ixrac qiyməti baza ssenaridə 2025-ci il üzrə 242 ABŞ dolları, 2026-2028-ci illər üzrə isə 236 ABŞ dolları olaraq götürülmüşdür.
Proqnozlara əsasən 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcəyi, 2028-ci ildə isə ÜDM-in 150,8 milyard manata qədər, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 117,2 milyard manata qədər artacağı gözlənilir. Orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft/qaz ÜDM-in 5,0 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz artacağı proqnozlaşdırılır.
2028-ci ildə ÜDM-in tərkibində qeyri-neft/qaz sektorunun payının artaraq 77,8 faizə çatacağı, neft-qaz sektorunun payının isə 22,2 faizə bərabər olacağı proqnozlaşdırılır.
Ortamüddətli dövrdə neft-qaz sektorunda gözlənilən geriləmə hasilat göstəricilərinin azalması ilə bağlıdır. İqtisadiyyat Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən 2024-cü ildə neft hasilatının azalacağına baxmayaraq qaz hasilatında əsas xüsusi çəkiyə malik Şahdəniz yatağında hasilatın artması sektorun inkişafına artırıcı təsir edəcəkdir. 2026-2028-ci illərdə neft və əmtəəlik qaz hasilatı (2027-ci il istisna olmaqla) üzrə azalmanın davam etməsi nəzərə alınaraq neft-qaz sektorunda azalma proqnozlaşdırılmışdır.
2025-ci ildə əsas kapitala olan investisiyalarda 3 faiz, ortamüddətli dövrdə isə orta illik 3 faiz artım olacağı, 2025-ci ildən 2027-ci ilin sonuna doğru neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında artım proqnozlaşdırılır. İqtisadiyyat Nazirliyi tərəfindən əsas kapitala investisiyaların proqnozlaşdırılması zamanı bu sahədə stimullaşdırıcı vergi siyasətinin tətbiqi, bank-maliyyə sektorunun vasitəçiliyinin gücləndirilməsi, strategiya üzrə müəyyən edilmiş hədəflər, dövlət büdcəsinin əsaslı xərcləri üzrə proqnozlar, işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı quruculuq işləri və neft-qaz sektorunda fəaliyyət göstərən təşkilatların proqnozları nəzərə alınmışdır.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi İqtisadiyyat Nazirliyi tərəfindən beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi, eləcə də antiinflyasiya tədbirləri əsas götürülərək baza ssenaridə 2025-ci ildə isə 4,6 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın tədricən azalaraq 2028-ci ildə 3,8 faiz olacağı gözlənilir.
Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir.