2022-ci ilin 1-ci rübü üzrə Azərbaycanın tədiyyə balansının müsbət saldosu 1 milyard 572 milyon dollar təşkil edib.
Eləcə də bax: Dövlət büdcəsində 2,5 milyard manat - ARTIQ VƏSAİT TOPLANIB – RƏSMİ
Mərkəzi Bank qeyd edib ki, 2022-ci ilin 1-ci rübündə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənmişdir. Cari əməliyyatlar balansında 4 milyard dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 1.2 milyard dollar kəsir yaranmış, ehtiyat aktivləri təxminən 1.6 milyard dollar artmışdır.
Bu dövrdə xam neftin orta qiyməti 87 dollar/barel olmuş, qeyri-neft ixracı isə 54.7% artaraq 708 milyon dollar səviyyəsində formalaşmışdır.
Cari əməliyyatlar hesabı
2022-ci ilin 1-ci rübü üzrə cari əməliyyatlar hesabının profisiti 4 milyard dollar və ya ÜDM-in 22.4%-ni təşkil etmişdir (2021-ci ilin 1-ci rübü üzrə 628 milyon dollar profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏBin profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 2.9 dəfə artaraq 5.5 milyard dollar, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 18.2% artaraq 1.5 milyard dollar məbləğində olmuşdur.
Tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Ölkədən çıxan valyutanın ölkəyə daxil olan valyutanı üstələməsinin nəticəsində kəsir, əks halda isə profisit yaranır.
Dövlətlər kəsiri azaltmaq üçün devalvasiyaya gedirlər. Necə edilir? Dövlətlər devalvasiya edərək pul vahidlərinin dəyərini aşağı salırlar. Nəticədə xaricdən alınan məhsullar, yəni idxal bahalaşdığına görə azalır və daxildəki məhsullar ucuzlaşdığı üçün ixrac artır. Bu sayədə idxal və ixrac balansının tarazlaşdırılması məqsədi güdülür. Amma hər zaman devalvasiya uğurlu olmur və müsbət nəticə vermir. Əgər ixrac ediləcək məhsullar ölkədə yetərli miqdarda istehsal edilmirsə devalvasiya bir işə yaramır və idxal yenidən artır. (Marja)