Azərbaycan hökuməti qarşıdakı 4 ildə dövlət büdcəsinin neftdən asılılığını 30%-ə çatdırmaq niyyətindədir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, hazırda büdcədə neftdən asılılıq, yəni neftin büdcədəki payı bu il 42-43% olmalıdır. 2030-cu ildə isə bu rəqəmi 30%-ə endirmək nəzərdə tutulur.
«Biz ciddi şəkildə üzərində işləyəcəyik ki, Azərbaycanın dövlət büdcəsinin neftdən asılılığını mərhələlərlə azalda bilək. Dövlət büdcəsində neftin payı əgər keçən il 48 faiz idisə, proqnozlaşdırırıq ki, cari ildə bu pay icrada 42-43 faizə enəcək. Proqnozda 42,6 faizdir, düşünürük ki, icrada 42-43 faiz aralığında olacaq».
Nazir bildirib ki, 2030-cu ildə bu rəqəm 30 faizə enəcək.
«2030-cu ildə bu rəqəmin cəmi 30 faiz olmasını planlaşdırırıq. Bu, dövlət büdcəsində çox ciddi dəyişiklikdir. Cəmi 5 illik dönəmdə 48 faizdən 30 faizə qədər enir və artıq dövlət büdcəsinin 70 faizi qeyri-neft gəlirləri hesabına təmin olunacaq» – deyə nazir əlavə edib.













