"Azərbaycan manatının məzənnəsinin dəyişilməsi gözlənilmir. Gəlin reallığa baxaq, orta müddətli büdcə xərcləri çərçivəsinə baxdıqda məzənnə məlumdur. Mərkəzi Bank öz komunikasiyasında qeyd edib ki, bizim əsas öncəliyimiz sabit məzənnədir.
Taleh Kazımov: "Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar"
Məzənnənin dəyişilməsi ilə bağlı bizim hər hansı bir baxışımız yoxdur".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında deyib.
"Bizim proqnozlarımıza fikir verək. Onlar dolayı yolla baxışımızı təmsil edir. Bizim cari əməliyyat balansı (CƏB) ilə bağlı proqnozumuz bu il də, gələn il də müsbətdir. Dünya bazarında neftin qiyməti 64-65 ABŞ dolları civarında proqnozlaşdırılıb, bu həm CƏB, həm dövlət büdcəsinin xərcləri nöqtəyi-nəzərindən məqbuldur. Yəni biz burada hansısa problem görmürük. 10 dollarlıq ucuzlaşmanın iqtisadiyyat üçün böyük bir təsiri yoxdur, söhbət təxminən 300 milyon manatlıq vəsaitdən gedir. Bu da, dövlət büdcəsinə çox təsir etmir. CƏB üçün isə 55 dollarlıq qiymət belə profisitə nail olmağa imkan verir. 10 dollar böyük təsir etmir, bizim 85 milyard dollar ehtiyatlarımız var. Bizim əsas məqsədimiz qiymət və məzənnə sabitliyidir. Bunu da təmin edirik".










