2019-cu ildə Azərbaycan Serbiyaya verilmiş kredit üzrə 66 mln. 860 min manat, Gürcüstana verilmiş kredit üzrə isə 2 mln. 288 min manat əldə edəcək. Bu barədə Hesablama Palatası məlumat verib.
“2019-cu ilin dövlət büdcəsində Serbiya və Gürcüstana verilmiş kreditlər üzrə daxilolmalar 69 mln. 148 min manat məbləğində proqnozlaşdırılır ki, bu da 2018-ci il üçün nəzərdə tutulan göstəricidən 0,9% çoxdur. Serbiyadan daxilolmalar 66 mln. 860 min manat, Gürcüstandan daxilolmalar 2 mln. 288 min manat məbləğində proqnozlaşdırılır", - deyə "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Qanun layihəsinə Hesablama Palatasının rəyində bildirilir.
Daxilolmaların artması Serbiya və Gürcüstan tərəfindən kredit üzrə ödənişlərin cüzi artımı ilə əlaqədardır.
Xəbər verildiyi kimi, 2 fevral 2012-ci il tarixində Azərbaycan və Serbiya arasında saziş imzalanıb. Həmin sazişə əsasən, Azərbaycan tərəfi Serbiya və Makedoniya arasında “11-ci Dəhliz” Liq-Prelina avtomobil yolunun bir hissəsinin tikintisinə 300 mln. avro həcmində kredit ayırıb.