MasterCard və Azərbaycan Mərkəzi Bankı kiçik və orta biznes subyektləri ilə əməkdaşlığı genişləndirməyə, eləcə də maliyyə sektorunda innovativ iştirakçıları dəstəkləməyə hədəflənib.
"Azərikard" "Mastercard"la - STRATEJİ TƏRƏFDAŞ OLDU
FED.az xəbər verir ki, bu barədə MasterCard-ın Azərbaycan və Türkiyədəki baş direktoru Avşar Gürdal deyib.
Onun sözlərinə görə, ödənişlərin rəqəmsallaşdırılması, demək olar ki, bütün dövlətlərin strateji planlarından biridir və MasterCard Azərbaycanda ölkə iqtisadiyyatının rəqəmsallaşdırılmasına yönəlmiş layihələr həyata keçirir.
"Nağd pul və onun dövriyyəsinə nəzarət dövlət üçün əlavə xərclər yaradır. Ödənişləri rəqəmsallaşdırmaqla biz şəffaflığı və vergi daxilolmalarını artırır, həmçinin vəsaitlərin dövriyyəsini və ona nəzarəti sadələşdiririk. Azərbaycan tənzimləyicisi ilə imzalanmış sənəd çərçivəsində nağdsız ödənişlərin, o cümlədən taksilərdə, kiçik kafe və restoranlarda qəbulu üçün məntəqələrin sayının artırılması nəzərdə tutulur. Həmçinin Mərkəzi Bankla əməkdaşlıq çərçivəsində təmassız bank kartlarının sayını artırmaq niyyətindəyik. Bu gün Azərbaycanda bank kartlarının sayı 12 milyonu ötür (onların 70 faizindən çoxu təmassızdır). Tədavüldə onların sayının artması ödənişlərin rəqəmsallaşmasının sürətləndirilməsinə xidmət edir və bu istiqamətdə işlər davam etdirilir. Həyata keçirdiyimiz təşəbbüslər kiçik və orta bizneslə əməkdaşlığın genişləndirilməsi, eləcə də maliyyə sektorunda innovativ iştirakçıların dəstəklənməsi üçün zəmin yaradır”, - deyə A.Gürdal bildirib.
O qeyd edib ki, MasterCard Azərbaycanda maliyyə və bank sektorunun rəqəmsallaşdırılmasını dəstəkləyir və texnoloji və digər həlləri ilə fintex-iştirakçılarını dəstəkləməyə hazırdır.
"Bizim həllərimiz maliyyə əməliyyatları üçün təhlükəsiz və səmərəli mühit yaradır, həmçinin yeni layihələrin bazara daxil olmasını asanlaşdırır. Bizim Fintech Express proqramımız var və bu proqram çərçivəsində müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın fintex şirkətləri ilə əməkdaşlıq edirik. Azərbaycanda fintex layihələrinin və iştirakçılarının sayının artacağını gözləyirik və biz maliyyə sektorunun sürətli rəqəmsallaşdırılması potensialını da görürük. Bu baxımdan Mərkəzi Bank və digər dövlət qurumları ilə sıx əməkdaşlıq edirik. Fintex layihələri əlverişli rəqəmsal mühit, ölkə banklarının bu layihələrə marağı, nağdsız ödənişlərin artım statistikası və tənzimləyicinin ümumi dövriyyədə onların payını artırmaq məqsədi ilə yaradılır”, - deyə baş direktor bildirib.
A.Gürdal qeyd edib ki, şirkətin Azərbaycanda mobil telefondan (TapToPhone) istifadə etməklə nağdsız ödənişlərin qəbulu ilə bağlı qərarı ölkənin bütün bankları ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
"2023-cü ildən Azərbaycanda mikro və kiçik sahibkarlar mobil telefondan (smartfondan) istifadə etməklə nağdsız ödənişləri qəbul edə biləcəklər. Sahibkar istənilən bankda hesab açaraq smartfondan ödənişləri qəbul edə biləcək. Bu layihə əsasən taksi xidmətləri, çatdırılma, restoran biznesi kimi sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yönəlib", - deyə A.Gürdal qeyd edib.
Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşmasına yönəlmiş layihələrin icrasından danışan Gürdal bildirib ki, yaxın gələcəkdə Azərbaycanda nağdsız dövriyyə göstəricisinin ümumi dövriyyənin 60-65 faizinə çatdırılması planlaşdırılır.
"Bundan əlavə, vurğulamaq istəyirəm ki, MasterCard bu həll yollarının istifadəyə verildiyi ilk gündən kart sahibləri üçün Apple Pay və Google Pay sisteminə qoşulmaq imkanı yaradıb. MasterCard bank kartlarının rəqəmsal emissiyasının 50 faizdən çoxunu əldə etməyi hədəfləyir. Biz həmçinin nağdsız ödənişlərin qəbulu ilə bağlı layihələr həyata keçiririk.Bizim MasterPass həll yolumuz Azərbaycanda elektron ticarəti sadələşdirərək, sonrakı alış-veriş və internetdə ödənişlər üçün bank kartı məlumatlarının təhlükəsiz saxlanmasına imkan yaradıb”.
Həmçinin, A.Gürdalın sözlərinə görə, MasterCard Azərbaycanda "Cross border send" və "Money send" kimi həll yolları təqdim edib ki, bu da kartdan karta və ya kartdan hesaba köçürməni sadələşdirib:
“Bu gün Azərbaycan MasterCard-larından xarici hesablara və ya kartlara vəsait köçürərkən siz hansı komissiya ödəyəcəyinizi əvvəlcədən biləcəksiniz və ödəniş 30 dəqiqə ərzində çatdırılacaq”, - A.Gürdal əlavə edib. (Trend)