Apple və ABŞ-ın investisiya bankı Goldman Sachs, birgə kredit kartı buraxmağı planlaşdırırlar. FED.az biznes və maliyyə portalı Banker.az-a istinadən xəbər verir ki, bu haqda mənbələrə istinadən The Wall Street Journal (WSJ) qəzeti yazır.
Yeni buraxılmış kartlar vasitəsilə iPhone istifadəçiləri, maliyyə idarəsi sahəsində yeni funksiyalardan yararlanmaq imkanını alacaqlar.
Şirkətlərin işçiləri yaxın bir neçə həftə ərzində yeni kartı test etməyə başlayacaqlar, rəsmi olaraq isə kart bu il də təqdim olunacaq. Şirkətlər, Apple Wallet tətbiqində istifadəçilərə əlavə xidmətlər təklif edərək, kart sahiblərini cəlb etməyi düşünülər.
Yeni kart Mastercard Inc. ödəniş sistemindən istifadə edəcək. Alış-veriş əməliyyatlarının əksəriyyəti üçün, təxminən 2% -ə yaxın “Cashback” funksiyası qüvvədə olacaq.
Apple smartfonlara olan tələbatın aşağı düşməsini kompensasiya etmək üçün xidmətlərini aktiv şəkildə inkişaf etdirir. iPhone satışından əldə edilən gəlirlər bu il əvvəlki ilə nisbətən 15% azalıb, rüblük gəlirlər isə əvvəlki ilə nisbətən 5% azalaraq 84,3 milyard dollar təşkil edib. 2019-cu ilin yanvarında Apple, Çində iPhone satışlarının zəif olması fonunda gəlir proqnozunu 84 milyard dollara endirmişdir.
Şirkətin satışları Avropada (əvvəlki il ilə müqayisədə 21 milyard dollar əvəzinə 20,4 milyard dollar), Yaponiyada (7,2 milyard dollardan 6,9 milyard dollaradək), ən çox isə Çində düşüb. Hesabat dövründə Apple-ın Orta Şərq bazarında əldə etdiyi gəliri təxminən 27% azalaraq 17,9 milyard dollardan 13,1 milyard dollara düşüb.
Lakin analitiklər Apple-in xidmət biznesi sahəsinə ümidlə baxırlar. Ötən maliyyə rübündə tarixdə ilk dəfə xidmətlərin rentabelliyi 10,9 milyard dollara çatıb ki, bu da əvvəlki ilə nisbətən 19% çoxdur. Digər məhsul kateqoriyalarında (Mac kompüterləri, ev cihazları, eləcə də aksessuarlar) müvafiq olaraq 9% və 33% artım göstəriblər, iPad satışlarının rentabelliyi isə 17% artıb.
Şirkət 2020-ci ilədək xidmət təklifindən əldə etdiyi gəlirini 50 milyard dollara qədər artırmağı planlayır.
Bankın Apple ilə birgə buraxmaq niyyətində olduğu kredit kartı, onun üçün ilk belə bir təcrübə olacaq. Bu layihəyə ayrılan büdcə 200 milyon dollar təşkil edir.
Apple səhmləri cümə axşamı günü hərracda 0,6%, Goldman Sachs bankının qiymətli kağızlarının qiyməti isə 0,8% azalıb.