Fintexlərin banklardan asılılığı ilə bağlı müvafiq addımlar atılmaqdadır.
"Azərbaycan Fintex Assosiasiyası" bazarın inkişafı üçün təkliflər irəli sürüb
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Xidmətləri və Ödəniş Sistemlərinin Tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, fintexlər hazırda banklar vasitəsilə son hesablaşmanı apara bilirlər, yəni onlar banklardan asılı vəziyyətdədir:
"Bunu nisbətən azaltmaq üçün Mərkəzi Bankın operatorluq etdiyi Ani Ödəniş Sistemlərinə (AÖS) fintex təşkilatlarının iştirakını təmin etmək üçün hesablaşmaların təşkili qaydasına müvafiq dəyişikliklər edilib.
Qısa zamanda həmin dəyişikliklər təsdiq ediləcək".
"Ödəniş təşkilatları və elektron pul təşkilatları hesabları bank hesabının açılması qaydasına uyğun şəkildə açmalıdır.
Ödəniş əməliyyatlarının aparılması və ödəniş alətləri adlı bir qaydamız var. QR ödəniş metodunu biz ödəniş aləti kimi göstərmişik. Hər bir alət, əslində, hesabı məsafədən effektiv şəkildə idarə etmək üçündür. Ən vacib məsələ IBAN strukturlu hesaba bağlıdır.
Bununla biz ənənəvi ödəniş alətlərinə deyil, hesaba bağlı QR kod ödənişlərini təşviq edirik. Həm ödəniş və elektron pul təşkilatlarına, həm də banklara təşviq edirik ki, ödəniş alətindən istifadə əhatə dairəsi genişləndirilsin. Bununla bağlı qaydaya müvafiq dəyişikliklər təklif edilib. Təkliflər qısa zamanda qəbul ediləcək", - deyə X.Tağıyev vurğulayıb. (Trend)