Baza ssenari üzrə proqnozlar növbəti ildə Azərbaycanda xarici və daxili balans göstəricilərinin 2020-ci ilə nəzərən yaxşılaşacağını göstərir.
Eləcə də bax: Mərkəzi Bank 2021-ci il üçün planlarını açıqladı - TAM MƏTN
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Sənəddə həmçinin deyilir ki, 2021-ci ildə pandemiya ilə vəziyyət, neftin dünya bazarında qiymətinin dinamikası, OPEC++ anlaşmasının perspektivləri, ticarət tərəfdaşlarında gedən proseslər, idxalın dinamikası, Azərbaycanın xarici balansına təsir göstərən əsas amillər olacaq.
Gələn il Azərbaycan iqtisadiyyatının real sektorunda iqtisadi aktivliyin tədricən bərpa olunacağı proqnozlaşdırılır. Rəsmi proqnozlara görə, 2021-ci ildə real iqtisadi artım tempinin baza ssenarisi üzrə 3,4%, o cümlədən qeyri-neft sektoru üzrə 3,1% olacağı gözlənilir. Xarici tələbin bərpası prosesinin başlanması, eləcə də təxirə salınmış tələb hesabına daxili tələbin bərpası iqtisadi artımın bərpası proqnozunun əsasında dayanır. Makroiqtisadi sabitliyin qorunması 2021-ci ildə iqtisadi artımın öz potensialına yaxınlaşmasına şərait yaradan əsas amillərdən biri olacaq. Kontr-tsiklik makroiqtisadi siyasət və işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin başlanması da 2021-ci ildə iqtisadi artımın əsas drayverlərini canlandıracaq. Təqdim edilmiş büdcə layihəsinə əsasən, növbəti ildə dövlət büdcəsi xərclərinin 2020-ci ilə nəzərən 3,8%, o cümlədən əsaslı xərclərin 7,9% artırılacağı proqnozlaşdırılır. Növbəti ildə "fiskal fəza”dan kontr-tsiklik olaraq istifadə olunması makroiqtisadi sabitliyin qorunması baxımından da əhəmiyyətlidir. Ortamüddətli dövrə isə yeni iqtisadi reallıqlar nəzərə alınmaqla yeni makrofiskal çərçivəyə keçid diqqətdə saxlanılmalıdır. Bundan başqa, dövlət büdcəsi kəsirinin mümkün qədər azaldılması və onun dayanıqlı qeyri-inflyasyon mənbələrlə maliyyələşdirilməsi fiskal prioritetlərdən olmalıdır.
2021-ci ildə daxili balans üzrə qeyd olunan proqnozların reallaşması makroiqtisadi siyasətin bütün istiqamətlərinin effektiv koordinasiyasından asılı olacaq.