Bir çoxlarımız bir və ya bir neçə sığorta növlərindən, məsələn: avtomobil sığortası, ev sığortası, məcburi sosial sığorta, nadir hallarda həyat sığortası və s.-dən istifadə edirik. Bəzilərimiz isə heç bir sığorta növündən istifadə etmir və ya etmək istəmir. Lakin anlamalıyıq ki, maliyyə baxımından öz təhlükəsizliyimizi təmin etmək üçün sığortalanmamız zəruridir. Məsələn, qəza və ya bədbəxt hadisə baş verdikdə sığortalanan obyekt zədələnərsə, sığorta şirkətləri bunun maddi əvəzini ödəyəcəkdir. Bu da maliyyə baxımından bizim fikir çəkməməyimizi təmin edə bilər. Məsələn, maşın qəzası zamanı maşınınız zədələnərsə, təbii fəlakət zamanı evinizin damı uçarsa və s. bu kimi hallarda sığortaladığınız obyektin dəyəri qiymətləndirilib sizə sığorta şirkətləri tərəfindən əvəz ödənilərək qaytarıla bilər. Bu da sizin maliyyə sabitliyinizi qismən də olsa təmin edər.
Lakin bəziləri, məsələn: sənət adamları çox vaxt adi sığorta şirkətlərinin reklam etdiyi portfolioda olmayan və ya nadir hallarda olan sığorta xidmətlərindən istifadə etməyə can atırlar. Belələri üçün sığorta şirkətləri çox vaxt geri ödənilməsi ehtimalı aşağı olan istənilən şeyi sığortalamağa meylli olurlar. Bunu nəzərdə tutmaqla sizə 10 ən qeyri-adi sığorta polislərinin (növlərinin) siyahısını təqdim edirik.
İlk onluğun 10-cu yerini “Bədən Hissələri”nin Sığortası tutur.
Bu sığorta növü yeni məfhum deyildir, çünki bu təcrübə 1900-cü illərin əvvəllərinə təsadüf edir. Adi insanlar üçün bu, bir az qaranlıq məsələ kimi qalır. Bu sığorta növündən əsasən bir çox varlı və məşhur insanlar istifadə edirlər. Xüsusilə də bu, özünü həddən artıq çox sevən insanlara xarakterik əlamətdir. Adi insanlar müəyyən bir düşüncə tərzi çərçivəsində yaşadıqları təqdirdə, zəngin və məşhur insanlar bir az fərqli standart və ehtiyaclar çərçivəsində yaşayırlar. Bura həmçinin onların sığorta növlərinin seçimlərində etdiyi fərqlilik də daxildir.
Sizə bədən hissələrini sığortalayan bir neçə məşhurun adlarını çəkə bilərik. Məsələn, Cenifer Lopez öz yanını 300000 dollara sığortalamışdır. Futbolçu Troy Polamalu qara saçlarını 1 milyon dollar civarında, “Çirkin Betti” şousunun baş rolunda çəkilən gənc aktrisa America Ferrera öz gülüşünü 10 milyon dollar həcmində, Julia Roberts gülüşünü 30 milyon dollar, Heidi Klum ayaqlarını 2.2 milyon dollara, pop ulduz müğənni Mariah Carey ayaqlarını 1 milyard dollara, komediya ustası Jimmy Durante burnunu 50000 dollara sığortalamışlar. Siyahı çox uzundur və onu davam etdirmək olar. Lakin bu məqamda növbəti qeyri-adi sığorta növünə keçmək istərdik. Bir çoxları hətta burunlarını da sığortalayıblar. Ümumiyyətlə, bu siyahı çox uzundur və onu davam etdirmək də olar.
Siyahının 9-cu yerini “Sevgi” Sığortası tutur.
Bəlkə bu sığorta növü barədə heç eşitməmisiniz, lakin mövcuddur.
Bu sığorta növünə müraciət etmək bir fotoqrafın ağlına gəlmişdir. Bir vaxtlar o, bir modeli çəkirdi və o model ərə getdikdən sonra modellik karyerasını atdı. Nəticədə, isə o, fotoqrafın çəkilişlərində iştirak edə bilmirdi və lakin bu sığorta polisi həmin fotoqrafa imkan verdi ki, öz itkilərini belə hallarda kompensasiya edə bilsin. Bu sığorta növü ilə qurduğunuz əlaqələrdən gələn maddi ziyanın qarşısını ala bilərsiniz.
8-ci yerdə “Sevimli Canlınızın (heyvanın, məsələn qurbağadan tutmuş balığadək)” Sığortası durur.
Fərz edin ki, sevimli canlınız, məsələn, itiniz xərcəng xəstəliyinə tutulub və onun müalicəsi 10000 dollara başa gələcək. Bu zaman təbii ki, bu qədər pulu bəlkə heç xərcləməyəcəksiniz və sevimlinizin size tərk etməsinə durub baxacaqsınız. Lakin sığortaladıqda bütün məbləği sığorta şirkətləri öz üzərinə götürür və bu, bir çox məşhurların istifadə etdiyi praktikadır.
7-ci yer “Gözlənilməz hallar” Sığortası
Bu qeyri-adi ağlasığmaz sığorta növünün tam adını qeyd etmək bir az çətindir. Bu sığorta növü əsasən doğumlara tətbiq olunur və əsasən Londonda Lloyd’s sığorta şirkəti tərəfindən təklif edilir. Məsələn, əgər yoldaşınız əkiz övlad gözləyirsə, lakin gözlənilmədən üçəm dünyaya gəlirsə bu zaman xərcləriniz gözləmədiyiniz bir şəkildə artır. Bunun qarşısını isə bu sözügedən “Gözlənilməz” sığorta növü alır və baş verən gözlənilməz hala görə yaranan ilkin xərlərinizi nisbətən azaltmağa kömək edir. Belə bir sığorta növündən bir övlad gözləyən, lakin nəticədə əkizləri doğulan bir cütlük istifadə etmişdi. Onlar qadın hamilə qalan kimi özlərini sığortalamış və əkiz övladlarının doğulması nəticəsində sonradan sığorta şirkətindən ödəmələr toplamağa başlamışlar. Qadın yenidən hamilə qaldıqda cütlük həmin sığortanı təzələmişdir və qadın yenə də əkizlərə hamilə qalmışdı.
Lloyd’s şirkəti həmçinin işəgötürənlərə digər bir maraqlı sığorta təklifi təqdim edir. Məsələn, əgər şirkətin 2 və ya daha artıq işçisi lotoreya udarsa və bununla da milyonçu olduğunu görüb işləməyə heç bir səbəbin olmadığını düşünərsə, o zaman bu sığorta növü ilə işəgötürənlərin bu haldan sığortalanması mümkündür.
6-cı yer “Uçuş” Sığortası tutur
Bu növ sığorta imkan verir ki, uçuş qəzaları (məsələn, bu uçuşlara təyyarə, vertolyot, hava şarları, planerlər və bu kimi digər uçuş vasitələri ilə edilən uçuşlar daxil ola bilər) nəticəsində baş verən zədələnmələri, yaralanmaları və ya ölüm hallarını sığortalayasınız. Burada iki məqam insanın ağlına gəlir. Birincisi odur ki, belə tip qəzaların, məsələn: təyyarə qəzalarının baş vermə və orada ölmə ehtimalı digər nəqliyyat vasitələri ilə müqayisədə sıfıra bərabərdir. Çünki piyada getməklə ala biləcəyiniz zədə təyyarə ilə uçmaqla zədə alma ehtimalı ilə müqayisədə dəfələrlə yüksəkdir. İkincisi, nə üçün həyatınızı təyyarədə baş verə biləcək qəzanı düşünərək sığortalamaqla məhdudlaşdırmalısınız? Yaxşı olar ki, əvəzində normal həyatınızı və sağlamlığınızı sığortalayasınız. Sonda, əgər doğurdan da təyyarə ilə uçarkən daim qəzanın baş verəcəyini düşünürsünüzsə, bundan dəhşətli dərəcədə narahatsınızsa, o zaman təyyarə ilə uçmayın və bunun yerinə daha az qorxduğunuz nəqliyyatdan: avtobus və ya qatardan istifadə edin.
5-ci yer. “Asteroid və ya meteorit” Sığortası
Bir sıra sığorta şirkətləri öz təhlükəsizliyini meteorit və ya asteroidin yerə düşməsindən sığortalamaq istəyən insanlara bu sığorta növünü təklif edir. Lakin bəzi insanların bu sığortadan niyə istifadə etməsi həqiqətən də bizə müəmmalı qalır. Çünki əgər böyük bir asteroid planetimizə düşərsə, heç sağ qalan ola bilərmi? O zaman nəinki hər hansı bir sığorta şirkəti, hətta canlı belə sağ qalmaya bilər. Ona görə belə bir sığorta növündən istifadə etmək məqsədəuyğun hesab edilmir və artıq xərcdir. Lakin meteorit düşərsə təbii ki, asteroiddə olduğu kimi apokalips dağıntısı baş verməyəcəkdir və bəlkə onda bu sığorta növü bir işə yaraya bilər.
4-cü yer “Superstar İşçi” Sığortası
Bu sığorta növü yuxarıdakılara nisbətən məqsədəuyğun hesab edilə bilər. Çünki hər bir iş yerində şirkətin uğurunu təmin edən, biznesini inkişaf etdirən və daim mənfəət gətirən bir hədsiz mükəmməl və uğur gətirən işçisi olur. Şirkətdə əsas rol oynayan belə insanları itirmək şirkət üçün faciəvi və əvəzedilməsi çətin proses ola bilər. Belə işçini itirməyin qarşısını almaq (və ya ən azı bu halı minimuma endirmək üçün) bəzi şirkətlər bu cür işçilərini yuxarıda sözügedən sığorta növü ilə sığortalayırlar. Bu da biznesinizin aktivlərini, yəni ən dəyərli insan kapitalını qorumağın ən yaxşı yollarından biridir.
3-cü yer: “Başqa planetlilərin, qeyri-təbii məxluqların hücumu”ndan sığorta
Başqa planetlilərin, qeyri-təbii varlıqların mövcudluğuna inam olduğuna görə belə bir sığorta növü də yaradılmışdır. Məsələn, qaniçənlərin (vampirlərin), canavar adamların, digər tipli məxluqların, hətta kabusların və şeytanların mövcudluğuna inanan çoxlu sayda insanlar vardır və həmin varlıqların onlara ziyan vuracağını və ölümə səbəb olacaqlarını düşünənlər də az deyil. Məhz buna görə də bəzi sığorta şirkətləri belə varlıqlardan və onların vura biləcəyi ziyandan qorunmaq üçün bu tip sığorta növünü icad etmişlər. Belə varlıqlar tərəfindən vurulan ziyanı göstərib sübut edə bilsəniz o zaman həmin sığorta şirkətləri sizə bunun əvəzində vəsait ödəyəcəklər. Həmin varlıqların, daşıyıcıların növündən asılı olaraq premiya haqları da bir-birindən fərqlənir.
Bu kateqoriyaya həmçinin naməlum varlıqlar tərəfindən qaçırılma da daxildir. Əgər siz də belə varlıqlardan sığortalanan insanlar sırasındansınızsa, o zaman qaçırıldığınıza görə sizə sığorta haqqı ödəniləcəkdir. “The Saint Lawrence Agency” adlı sığorta agentliyi hətta bu məqsədlə yeni ərizəçilərin rahatlığı üçün onlayn ərizə forması da yaratmışdır. Digər Avropa sığorta şirkəti isə bu tip sığorta polisi növünün artıq 30000-dən çoxunu satması barədə məlumat da vermişdir.
2-ci yer: “Toy” Sığortası
Bu qeyri-adi sığorta növü hesab edilə bilər. Çünki insanlar çox az təqdirdə özlərini bu cür sığorta polisi ilə sığortalayırlar. Lakin zəngin və məşhur insanlar arasında bu, nəinki qeyri-adi deyil, eyni zamanda çox vacib sığorta növüdür. Çünki toy mərasiminə on minlərlə dollar və hətta bundan da çox vəsait xərcləyən insanlar vardır ki, onlar bir az da olsa özlərini nəyinsə pis və ya qeyri-düzgün gedəcəyi haldan qorumaq istəyərlər (məsələn, qaynana və ya qaynata müdaxiləsi nəticəsində ayrılıq və s. bu kimi hallar). Toy sığortası planını hazırlayan “Fireman’s Fund” agentliyi yalnız geri qaytarılması mümkün olmayan xərcləri əhatə edir və bura bəy və ya gəlinin itirilməsi halı daxil deyildir. Yəni əgər siz çimərlikdə toy mərasimi təşkil edirsinizsə və məsələn, bu zaman sunami baş verirsə o halda bu sığorta növünün köməyilə mərasiminizə çəkilən xərcin əvəzini sığorta şirkətindən ala bilərsiniz. Lakin əgər bəy və ya gəlin sizi mərasim zamanı tərk etsə, onun dalınca qaçmağa heç bir ehtiyac yoxdur, çünki bunun üçün də “Fireman’s Fund” şirkəti əlavə polis hazırlamışdır. Bu polisin adı təxminən belə səslənir: “ürək dəyişməsi” polisi və bu polis çərçivəsində sizə dəyən ziyanın əvəzi ödənilir. Əlavə olaraq, bu sığorta polisi həmçinin bütün ailə və dostlarınız qarşısında xəcalətdən üzüntü hissinizi aradan qaldırmaq üçün istənilən məsləhətin verilməsini də təmin və əhatə edir.
1-ci yer: “Fövqəltəbii şəkildə doğum” Sığortası
Bəli, belə növ sığorta polisi də vardı. Rahibələr İsa Məsihinin ikinci gəlişinə inanır və onlardan birinin fövqəltəbii şəkildə doğuma məruz qalacağı təqdirdə maliyyə xərclərinin artacağını düşünərək bu sığorta növü ilə özlərini sığortalamışdılar. Onların kimisə incidib təhqir etmək niyyəti yox idi və onlar sadəcə çoxsaylı şikayətlərə görə sığorta polisini geri götürməyə məcbur oldular.