Azərbaycanda unun qiymətinin qalxması ilə əlaqədar olaraq dövlət qurumları bu sahədə çalışan şirkətlərə və sahibkarlara xəbərdarlıq edib.
Azərbaycanda yeni un növləri satışa çıxarılacaq - VİDEO
FED.az xəbər verir ki, iyunun 11-də Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətində Xidmətin rəhbərliyi ilə ölkədəki un istehsalçılarının görüşü keçirilib.
Görüşdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətin inzibati binasında Xidmətin rəis müavini Elnur Bağırov, Antiinhisar nəzarəti və İstehlak bazarına nəzarət şöbələrinin rəhbərləri Fuad Yadigarov və Yusif Tapdıqlının iştirakı ilə dövlət-özəl dialoqu çərçivəsində müvafiq sahədə fəaliyyət göstərən iri sahibkarlıq subyektləri (“Karat Holdinq” MMC, “Karmen” MMC, fiziki şəxs Mirzəyev İskəndər, "ATS Mill" MMC, “Dəvəçi Dəyirman” MMC və s.) və onları təmsil edən assosiasiyalar iştirak edib.
Rəsmi məlumata görə, görüşdə unun qiymətinin artması, Azərbaycan üçün əsas idxal bazarlarında, yəni Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın hazırki qiyməti və bu qiymətlərin Azərbaycanda unun qiyməti ilə uyğun olub-olmaması müzakirə edilib.
Xatırladaq ki, son günlər, xüsusilə də mayın axırında Azərbaycanda un bahalaşıb. Aprel ayında 50 kiloqramlıq bir kisə un 25 manat 5 qəpik qiymətə satılırdısa, may ayında qiymət 27 manat 35 qəpiyə yüksəlib.
Unun bahalaşması iyun ayında da davam edib. Belə ki, əvvəlki aylarda 26-27 manata satılan 50 kiloqramlıq un kisəsinin hazırda satış məntəqələrində 30-32 manata təklif edilir. Əla növ unun kisəsinin qiyməti fabrikdən çıxışda ma ayında 26,8 manat olduğu halda, hazırda 28,5 manatdır. Bu sahədə çalışan şirkətlər bahalaşmanı rusiyanın taxıl ixracına məhdudiyyət qoyması ilə izah edirlər.
Tədbirdə şirkətlərə bildirilib ki, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmalıdır. Ütəlik onlara xatırladılıb ki, cari ilin iyul ayının 1-dən etibarən ölkədə Rəqabət Məcəlləsi qüvvəyə minəcək. İş adamlarına Məcəllədəki tələblər xatırladılıb.
Eyni zamanda, qeyd olunub ki, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi monitorinqlər aparılır və pozuntu aşkar olunduqda qanunvericiliyə uyğun tədbirlər görülür.