“Müxtəlif illərdə qəbul edilmiş sahibkarlığa dair qanunları bir yerə toplayıb, çox mükəmməl Sahibkarlıq Məcəlləsinin qəbul edilməsini vacib hesab edirəm”.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin payız sessiyasında keçirilən ilk iclasında bildirib.
“Yeni Vergi Məcəlləsinin, Büdcə Məcəlləsinin, Bank Məcəlləsinin də qəbul edilməsi çox məqsədəuyğun olar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 31 il bundan qabaq qəbul edilib. Onun reallaşma mexanizmi çox zəifdir və hesab edirik ki, zəif olduğuna görə praktikada bir sıra hallarda kobud qanun pozuntularına yol verilir.
Məsələn, vətəndaşın nəsə alanda onu 14 gün ərzində qaytarmaq, yaxud da dəyişmək hüququ var. Bu hüquqdan çox təəssüflər olsun ki, vətəndaşların çoxu bir sıra hallarda istifadə edə bilmir. Hesab edirəm ki, istehlakçıların hüquqlarının qorunması məsələsinin dövlət səviyyəsində əsas prioritetə çevrilməsi üçün istehlakçıların hüquqlarının qorunmasına dair müasir tələblərə cavab verən yeni qanunun qəbul edilməsi çox məqsədəuyğun olar”, - deputat qeyd edib.
***
Əli Məsimli əlavə edib ki, hazırda Şəki-Zaqatala zonasında fındıqçılıq sahəsində yaranmış vəziyyət həm aqrar sahəni, həm də fermerləri çox narahat edir: “Qiymətlər iki dəfəyə qədər aşağı düşür, ziyanvericilər xeyli dərəcədə təsərrüfata ziyan vurub. Keçən həftə həm Qaxda olan mütəxəssislərlə, həm fermerlərlə görüşlər zamanı bir sıra ideyalar əmələ gəldi. Həmin ideyalar əsasında müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsini məqsədəuyğun hesab edirik.
Elə təsərrüfatlar var ki, onlar ümumiyyətlə, gəlir götürmür, ya da çox cüzi gəlir götürür ki, bu da həmin ev təsərrüfatlarının, ailə təsərrüfatlarının güzəranına müəyyən təsir göstərir. Ona görə də daha yaxşı olar ki, qanunvericilikdə nəzərə alınsın ki, xüsusən qiymətlər aşağı olduğu illərdə fermerlərin müflisləşmə ilə üzləşməməsi üçün dövlət tərəfindən istehsal xərclərini sığortalayan və minimum gəlirliliyi təmin edən taban qiymətlərinin variantı həyata keçirilsin”.













