Azərbaycan ordusu Vətən savaşı aparır. Bu savaşda passiv tərəfdarlar və aktiv iştirakçılar var. Bəzi dövlətlər Azərbaycana susqun mövqeləri ilə həmrəyliyini ifadə edirlər. Onlardan bəzilərinin “diplomatik susqunluq” strategiyası (məsələn, Rusiya) də maraqlarımıza tam uyğundur. Əleydarlarımız da var. Amma bir dövlət vardır ki, onun hərtərəfli dəstəyi Azərbaycanın nəzərdə tutduğu dost yardımından daha ağır gəlir. Bu Türkiyə Cumhuriyyətidir!
Eləcə də bax: Türkiyə fransız mallarının - Boykotuna Başlayır
Əsrin əvvəllərində Türkiyə dövlətinin təkcə strateji müttəfiqliyinə sadiqliyin görmədik. Nuru Paşanın ümidverici bir şəxs olaraq Bakımıza daxil olub, yadelliləri yerlə yeksan etdi. Onların layiq olduqları yerlərin görsətdi. O zamanlar Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın etdiklərini 1 əsr sonra Türk komutanları edir.
Filosoflardan biri söyləmiş ki, bir çaya iki dəfə girmək olmaz. Rəşadətli Türk ordusu 1 əsrdə 2 dəfə sadəcə “çaya” yox, Xəzər adlı gölün ətrafına gəlib çıxdı. Qorxmadan və özünü oda ataraq. Bu təkcə din və dil eyniliyi deyildi. Cənubi Qafqazın Rusiya kimi ambisiyalı bir dövlətin nəzarətində olan regionda qardaş Türkiyə özünün inadkarlığı ilə Azərbaycan səmalarına özünün “qanadlarını” sərdi. Təşəkkürlər, Türkiyə!
Biz nə etməliyik?
Suallar serialı növbəyə düzülür:
Strateji müttəfiqlikdən yuxarı səviyyədə olan bu münasibətlərin qarşılığı nədir? Biz nə etməliyik? Türkiyəyə birləşməliyikmi? Konfederasiya yaratmalıyıqmı?
Bu situasiyaya daha adekvat cavabı 1 əsr bundan qabaq Nəsib bəy Yusifbəyli verib. Əsrin əvvəllərində Hüsaməddin Tukac adlı Türkiyə vətəndaşı olub. Hətta Rusiya həbsxanalarında əsir düşüb xeyli çətinliklərə dözmüşdü. O başına gələnlərlə bağlı özünün xatirə kitabında Nəsib bəy Yusifbəyli ilə Gəncədəki söhbətlərindən bəhs edib. O zamanlar Qafqaz İslahm Ordusu Gəncədə idi. Tukac bəy Nəsib bəylə söhbətində Osmanlıya Azərbaycanın birləşməsindən danışarkən maraqlı bir qeydini edir. O zamanlar da xeyli populyar olan Azərbaycanı Türkiyəyə birləşdirmək ideyasına Nəsib bəy Yusifbəyli olduqca dərin mənalı cavab vermişdir: “Osmanlılar bizim böyük qardaşlarımızdır, lakin unutmayaq ki, Bakı İstanbuldan idarə edilə bilməz.”
Olduqca ibrətamiz cavabdır. Amma bizim elə ortaq dəyərlərimiz, regional maraqlarımız və strateji hədəflərimiz vardır ki, onları bir dövlət çətiri altında olmadan da birgə həll edə bilərik. Bir çox hallarda isə ayrı-ayrı dövlət subyekti kimi daha yaxşı siyasi və geoekonomik “duetlərimiz” da alına bilər. Dahi sosiloq Karl Poperin dəyərli bir fikri çox yerinə düşür: “Rəngarənglilikdə vəhdətik” Bəli, biz əslində biz ayrı-ayrı “rənglərdə” daha yaxşı “spektri” bəzəyə bilirik.
Bizim etməli olduğumuz!
Azərbaycanın Türkiyə edə biləcəyi ən önəmli nöqtə iqtisadi partnyorluq münasibətini keyfiyyətcə daha yüksək müstəviyə çıxarmaqdır. Türkiyənin enerji təminatında çox mühüm rol almağımız vacibdir. Doğrudur Türkiyənin bəzi iqtisadi çətinlikləri enerji təminatının yaxşılaşdırılmasına qədərdi. Yeri düşmüşkən həmin enerji təminatının yaxşılaşması üçün ümidverici proseslər başlayıb. İki ay öncə Türkiyənin Qara Dənizdə aşkar edilmiş “Sakarya” yatağında 85 mlrd. kubmetr qaz kəşf edildiyi məlum oldu. Bu, yataqda “mavi yanacaq” ehtiyatları elan edildiyindən hələ 5 dəfə çoxdur. Bu Türkiyənin 10 ilə yaxın enerji təminatına pozitiv təsirləri ola bilər.
Azərbaycan dövləti olaraq Türkiyə iqtisadiyyatına daha çox sərmayə axınlarını istiqamətləndirmək təşviq addımları atmalıyıq. Bildiyimiz kimi Azərbaycanda fəaliyyət göstərən Türkiyə kapitallı 3400 şirkət, Türkiyədə isə Azərbaycan kapitalı ilə 2400 şirkət fəaliyyət göstərir. Bir il bundan əvvəlki məlumatlara görə, Azərbaycanın Türkiyəyə investisiyaları 14,5 milyard dollar həcmində dəyərləndirilir, bunun 13 milyardı neft-qaz sahəsinə yerləşdirilib. Türkiyə öz növbəsində Azərbaycana 11,8 milyard dollar yatırıb, bunun 9,1 milyard dolları neft sektoruna yerləşdirilib. Türkiyə Azərbaycanın qeyri-neft sektoruna 2,7 milyard dollar həcmində sərmayə yönəldib.
Azərbaycan şirkətlərinin Türkiyə iqtisadiyyatına yatırım imkanlarını daha çox artırmalıyıq. Təkcə SOCAR’ın Türkiyəyə investisiyalarının həcmi bu ilin sonunadək 17 mlrd. dollara çatacaq.
SOCAR-ın Türkiyə iqtisadiyyatına etdiyi sərmayələr
Petkim şirkəti Türkiyənin ən böyük neftkimya şirkətlərindən hesab olunur. İxracat imkanlarına görə Türkiyənin 20-ci ən böyük şirkəti sayılır və öz məhsullarını dünyanın 50-dən çox ölkəsinə sata bilir. Türkiyədə 150 min nəfər yaxın işçi ordusuna sahibdir.
“STAR” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen, və 160 min ton kükürd istehsal olunacaq. “STAR” Rafineri layihəsi çərçivəsində 12 min nəfərlik işçi heyəti ilə Türkiyənin neft-kimya sənayesinin təminatını həyata keçirəəck. Star”a toplam olaraq 6 mlrd. dollardan artıq sərmayə qoyulub.
SOCAR Qaz 2012-ci ildə yarandığı tarixdən 1,3 mlrd.kubmetr həcmində qaz satır. SOCAR Enerji şirkətinin sərmayə imkanları daha da artır. TAP və TANAP layihələri bu kontekstdə çox ciddi enerji həlaqələri olaraq Türkiyəyə bağlanıb. Bu layihələrin hələ ilk dövrlərində Türkiyə və Azerbaycan arasında TANAP-la ilgili sazişdən sonra İran ve Rusiya buna narahatlıqlarını ifadə etmişdilər. TANAP-dan (10 mlrd. kubmetr Avropaya) əldə olunan 6 mlrd. kubmetrlə Türkiyə Rusiya ve İrandan qaz idxalını azaltmağa nail olacaq. Türkiyənin TANAP layihəsi də daxil olmaqla kəşf edilən qaz ehtiyatları onun idxal kvotasının minimumlaşdırmağa xidmət edəcək. Enerji daşıyıcılarının daha ucuz qiymətlə mal və xidmətlərin üzərinə əlavə edilməsi ixracatı stimullaşdıracaq.
Türkiyə niyə Azərbaycanın əsas idxalçı ölkə olmasın?
Türkiyə iqtisadiyyatında son illər müxtəlif təbəddülatlar yaşanmaqdadır. Bu gün Türkiyə iqtisadiyyatında bir nömrəli iqtisadi problem hansıdır sualı verilsə, tərəddüdsüz “cari açıkdır” deyəcəklər. Çünki ölkənin ixracat imkanları idxalla müqayisə Türkiyə iqtisadiyyatından kənara dollar axınına səbəb olur. Valyuta axınları tədiyyə balansında mənfi işarəli olduğu üçün ciddi narahatlıqlar yaradır. Dövlət və şirkət borcları (465 mlrd. dollar üzərində ikən) strukturunda özəl sektorun xarici respondentlərə ödəməli olduğu borc 220 mlrd. dollardan artıqdır. İdxalçı ölkə kimi Türkiyədən kənara hazır dollar axını baş verməkdədir.
Azərbaycanın Türkiyədən idxal etdiyi məhsul istehsalının əsas alıcısı kimi ticarət vektorunu Türkiyəyə daha çox yönəltməlidir. Azərbaycanın ötən il idxal edilən 13,7 mlrd. dollarlıq məhsullar cəmi 12%-i Türkiyənin payına düşür. Düzdür, Türkiyə Azərbaycanın əsas idxalçısı 2 ölkəsindən biridir. Rusiyadan 2,290 mlrd. dollarlıq idxalçısından sonra Azərbaycan Türkiyədən 1,7 mlrd. dollara yaxın il ərzində (2019) məhsul idxal etmişdir. Biz dövlət olaraq həmin məhsulların idxalçısı kimi birbaşa rol ala bilmərik. Bazar iqtisadiyyatında dövlətin payı, özəl sektorun mal və xidmətlərin əsas istehsalçısı, bazar oyunçusu kimi iştirak edir. Amma dövlətin özünün sifariş əsaslı ehtiyaclarını (hərbi hissələr üçün materiallar, dövlət əsaslı meqolayihələrdə iştirak və s.) qismən təmin edə bilər. Lakin əsas gücü özəl sektora çeşidli təşviq tədbirlərinin həyata keçirilməsinə qoysaq, o zaman idxal məhsullarının əsas bazarı kimi Türkiyəni seçə bilərlər. Vətəndaşlarımızın şəxsi istehlak məqsədli tələbatının ödənməsi üçün təşviqat xarakterli kampaniyalarla idxalın diapazonunu genişləndirə bilərik. Çünki üç istiqamətdən ibarət olan tədbirlərimiz nəticəsində Türkiyəni idxalda birinci ölkə səviyyəsinə çatdıra bilərik. Bu isə sonuc olaraq qardaş Türkiyənin valyuta daxilolmasının həcminin artması deməkdir. Kənara axmayan valyuta isə qalıcı dəyər yaratmaqla Türkiyə iqtisadiyyatına fayda gətirər ki, bu da bizim qardaş dövlətə ən böyük tövhəmiz olar.
Məhəmməd Talıblı, ASTNA.biz