Avropa İttifaqı və Hindistan 20 illik danışıqlardan sonra tarixi ticarət sazişinin bağlandığını elan ediblər.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ABŞ prezidenti Trampın hər dəqiqə gömrük tarifləri ilə hədələdiyi Avropa İttifaqı və Hindistan buna baxmayaraq ticarətdə öz oyununu oynamağa başlayıb.
Azərbaycanla bu ölkə arasında ticarət dövriyyəsi - BİR İLDƏ 90 DƏFƏ ARTIB
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Nyu-Dehlidə Hindistanın baş naziri Narendra Modi ilə görüşdən sonra X platformasında yazıb ki, «Biz ‘bütün sazişlərin anası’ adlandırıla biləcək bir razılaşma əldə etdik”. Modi özü də bu sazişi tarixi adlandırıb.
Yeni müqavilə indiyədək Avropanın imzaladığı ən böyük ticarət sazişlərindən biridir. Müqavilə Avropanın 27 dövlətindən ibarət məkanla dünyanın ən çox əhalisi olan ölkəsi arasında malların azad ticarətinə imkan verəcək. Birlikdə bu, dünya ümumi daxili məhsulunun təxminən 25 faizini və iki milyard nəfərlik bazarı əhatə edir.
"S&P" 2026-2027-ci illərdə Azərbaycanda real ÜDM artımına təsir edəcək amilləri açıqladı
Saziş gömrük rüsumlarını əhəmiyyətli dərəcədə, bəzi hallarda tamamilə – sıfıra kimi azaldılmasını nəzərdə tutur.
Avropa Komissiyasının bildirdiyinə görə, saziş kimyəvi maddələr, maşınlar, elektrik avadanlıqları, həmçinin təyyarələr və kosmik aparatların ixracının böyük hissəsi üzrə tariflərin mərhələli şəkildə azaldılmasını və sonda tam ləğvini nəzərdə tutur. Xüsusilə vacib məqam ondan ibarətdir ki, hazırda 110 faizə çatan avtomobil rüsumları 250 min avtomobil kvotası daxilində 10 faizə endiriləcək.
Razılaşma idxal rüsumlarının azaldılması yolu ilə Avropadan Hindistana gətirilən avtomobillər, sənaye avadanlıqları və kənd təsərrüfatı ərzaq məhsulları kimi malların qiymətini aşağı salmağı hədəfləyir. Bununla belə, süd və şəkər sənayesi də daxil olmaqla mühüm kənd təsərrüfatı sektorları sazişin əhatə dairəsinə daxil edilmir.
Brüssel bildirib ki, bu razılaşma investisiya axınını təşviq edəcək, Avropa bazarlarına çıxışı yaxşılaşdıracaq və tədarük zəncirlərinin inteqrasiyasını dərinləşdirəcək.
«Bu, tarixi bir razılaşmadır, — Modi deyib. — O, hindistanlı fermerlər və kiçik müəssisələr üçün Avropa bazarlarına çıxışı asanlaşdıracaq. Eyni zamanda istehsal və xidmət sektorlarının inkişafını stimullaşdıracaq. İnnovativ tərəfdaşlıqları təşviq edəcək».
Hindistan hökuməti bildirib ki, ölkənin ixracının demək olar ki, bütün maddələri Aİ bazarında “preferensiyalar” əldə edəcək. Bunlara tekstil, dəri məmulatları, dəniz məhsulları, qiymətli daşlar və zərgərlik məmulatları daxildir. Eyni zamanda hökumət açıqlamasında qeyd olunur ki, Dehli “ixracın artımı ilə daxili prioritetlər arasında tarazlığı qorumaq məqsədilə həssas sektorları, o cümlədən süd məhsulları, taxıl, quşçuluq, soya unu, bəzi meyvə və tərəvəzlərin istehsalını ehtiyatla qoruyub”.
Maraqlıdır ki, bu saziş ABŞ-ın həm Hindistana, həm də Avropaya təzyiqləri artırdığı bir vaxtda bağlanıb. Dehli ötən il prezident Donald Tramp tərəfindən Hindistan–ABŞ ticarət sazişi üzrə uzanan danışıqlar fonunda tətbiq edilmiş 50 faizlik rüsumlara uyğunlaşmaq məcburiyyətində qalıb.
Keçən həftə isə ABŞ prezidenti Tramp Avropa müttəfiqlərini ABŞ-la qarşıdurmada Qrenlandiyanı dəstəklədiklərinə görə ticarət müharibəsi ilə hədələmişdi. Bu vəziyyət Hindistan və Avropa Birliyinin rəhbərliyinin bəyanatlarında da açıq şəkildə hiss olunub.
Fon der Lyayen bildirib: “Bu, iki nəhəngin - dünyanın ölçüsünə görə ikinci və dördüncü iqtisadiyyatlarının hekayəsidir. Bu, əməkdaşlığın qlobal çağırışlara ən yaxşı cavab olduğunu göstərən mühüm bir siqnaldır”.
Bir gün əvvəl Koşta demişdi ki, ticarət sazişi proteksionizmin gücləndiyi və “bəzi ölkələrin tarifləri artırmaq qərarına gəldiyi” bir dövrdə “Hindistan və Aİ-nin tariflərdən daha çox ticarət sazişlərinə inandığını dünyaya göstərən mühüm siyasi siqnal” olacaq.
Qeyd edək ki, indiki imzalanma hələlik ilkin addımdır. Rəsmi imzalanmanın, yalnız bu ilin sonunda — saziş Avropa Parlamenti və Avropa Şurası tərəfindən təsdiqləndikdən sonra baş tutacağı gözlənilir.
Ticarət sazişi ilə yanaşı, Hindistan və Avropa İttifaqı təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq, eləcə də iqlim dəyişikliyi ilə mübarizə tədbirləri üzrə ayrıca danışıqlar da aparır.
Çərşənbə axşamı Hindistanın müdafiə naziri Racnat Sinqh bildirib ki, Avropa Komissiyası sədrinin müavini Kaya Kallasla təhlükəsizlik və müdafiə sahəsində bir sıra ikitərəfli məsələləri, o cümlədən etibarlı müdafiə ekosistemlərinin yaradılması və perspektiv imkanların inkişafı üçün tədarük zəncirlərinin inteqrasiyası imkanlarını müzakirə edib.
Reuters agentliyi xəbər verib ki, tərəflər dəniz təhlükəsizliyi və kiber təhdidlər kimi sahələri əhatə edən təhlükəsizlik və müdafiə üzrə tərəfdaşlıq layihəsi üzərində işləyirlər.
Avropa İttifaqı Hindistan üçün mallar sahəsində ən böyük ticarət tərəfdaşıdır və 2024–25-ci illərdə ikitərəfli əmtəə dövriyyəsi 136 milyard dollara çatacaq ki, bu da on il əvvəlki göstəricilərdən təxminən iki dəfə çoxdur.
Maraqlıdır ki, Hindistan və Avropa arasında sazişin bağlanması ilə bağlı danışıqlar 2007-ci ildə başlayıb və 20 ildir ki, davam edir. Vaxtilə bazarlara çıxış və tənzimləyici tələblərlə bağlı fikir ayrılıqları səbəbindən danışıqlar 2013-cü ildə dalana dirənmiş, 2022-ci ilin iyulunda yenidən bərpa olunmuşdu.











