“S&P Global Ratings” agentliyi Azərbaycanın 2026–2027-ci illərdə real ümumi daxili məhsulun (ÜDM) artım dinamikasını müəyyənləşdirəcək əsas amilləri açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "S&P"nin dərc etdiyi hesabatda qeyd olunur ki, Azərbaycanın iqtisadi artım tempinin nisbətən aşağı olması karbohidrogen sektorundan əldə olunan gəlirlərin azalması ilə bağlıdır:
“Neft hasilatının azalması və qaz hasilatı həcmlərinin durğunluğu qeyri-neft sektorunda müşahidə olunan mülayim genişlənməni üstələyir”.
Agentlik vurğulayır ki, karbohidrogen gəlirlərinin dinamikası orta müddətli perspektivdə ölkənin makroiqtisadi göstəricilərinə əsas təsir göstərməkdə davam edəcək.
Ümumilikdə Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə “S&P” 2026-cı ildə ÜDM-in dayanıqlı artımının qorunacağını gözləyir, lakin 2024–2025-ci illərlə müqayisədə artım tempinin tədricən zəifləyəcəyini, xüsusilə Qırğızıstan və Gürcüstanda daha nəzərəçarpan olacağını qeyd edir.
Hesabatda bildirilir ki, Özbəkistanın iqtisadi artımı əsasən investisiyalar və ev təsərrüfatlarının istehlak tələbi hesabına dəstəklənir. Agentliyin qiymətləndirməsinə görə, Qırğızıstanda artım tempinin yavaşıması 2022-ci ildə Rusiya–Ukrayna münaqişəsindən sonra kəskin artmış Rusiya ilə ticarətin genişlənməsinin zəifləməsini, eləcə də daxili tələbin və tikinti fəaliyyətinin azalmasını əks etdirir.
“S&P” gözləyir ki, 2022–2023-cü illərdə müşahidə olunan anomal ticarət artımı, pul köçürmələri və kapital axınının normallaşması fonunda Ermənistan və Gürcüstan iqtisadiyyatlarında artım templəri tədricən sabit səviyyəyə qayıdacaq. Agentlik qeyd edir ki, Qazaxıstan iqtisadiyyatı neft hasilatının artımı hesabına böyüməyə davam edəcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkədə 129,1 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 1,4 faiz çoxdur.
Neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,7 faiz artıb. ÜDM-in istehsal strukturunda sənayenin payı 33 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri 11,3 faiz, nəqliyyat və anbar təsərrüfatı 7,1 faiz, tikinti 6,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 5,9 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə 2,8 faiz, informasiya və rabitə 2,1 faiz, digər sahələr 21,7 faiz təşkil edib. Məhsullara və idxala görə xalis vergilər ÜDM-in 9,6 faizinə bərabər olub. Adambaşına düşən ÜDM isə 12 602,2 manat təşkil edib. (Trend)











