Bu gün ölkə iqtisadiyyatında özəl sektorun payı 80 faizdən çoxdur və bu, sahibkarların iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrildiyini göstərir.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda deyib.
O bildirib ki, sahibkarların ən çox təmasda olduğu xidmətlərdən biri vergidir. Ona görə də vergi sistemində ötən 25 ildə baş verən dəyişikliklər ilk növbədə sahibkarların fəaliyyətinə müsbət təsir edib.
O qeyd edib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Dövlət Vergi Xidməti arasında formalaşan əməkdaşlıq ölkəmizdə dövlət-özəl sektor dialoqunun ən uğurlu nümunələrindən biridir. Bu qarşılıqlı əlaqə sahibkarlığın inkişafına, vergi sisteminin təkmilləşdirilməsinə və biznes mühitinin daha əlverişli olmasına böyük töhfə verib.
"Vergi sistemində tətbiq edilən rəqəmsallaşma, innovativ yanaşmalar, dövlət-özəl dialoqunda nümayiş etdirdiyi səmimi və açıq münasibət, iş adamlarının qaldırdığı məsələlərə həssas yanaşması bu müsbət imicin formalaşmasında müstəsna rol oynayır. Vergi siyasətinin liberallaşdırılması və biznesin inkişafına yaradılan şərait nəticəsində sahibkarlıq subyektlərinin sayı ilbəil artır, iqtisadi aktivlik yüksəlir. Qarabağın iqtisadi inkişafı üçün atılan addımlar, orada yerləşən xüsusi iqtisadi zonalar üçün nəzərdə tutulan vergi güzəştləri özəl investisiyalar üçün cəlbediciliyi artırır. Xüsusən də strateji sahə kimi kənd təsərrüfatı sektorunun vergidən azad olması bu sahədə sahibkarlıq subyektlərinin sayının artmasında özünü bilavasitə göstərir"- deyə o öz çıxışında bildirib.