İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın avqust sayına əsasən, 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracı 22,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,7 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin ilk yeddi ayı ilə müqayisədə 24,2% artıb.
Eləcə də bax: Azərbaycanın ən böyük ixrac şirkətləri və qazancları - YENİ SİYAHI
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın avqust sayında bildirilir.
2022-ci ilin yanvar-iyul ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% artaraq 376,9 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 3,6 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 99%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 28,1%, pambıq lifi ixracı 5,4%, çay ixracı isə 57,2% artıb.
2022-ci ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (140,3 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (pomidor) (134,1 milyon ABŞ dolları) ikinci, karbamid (121,9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2022-ci ilin yanvar-iyul ayları ərzində Rusiya Federasiyasına 462,2 milyon ABŞ dolları, Türkiyəyə 462,2 milyon ABŞ dolları, Gürcüstana 107,6 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 101 milyon ABŞ dolları və ABŞ-a isə 59,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2022-ci ilin iyul ayı üzrə ixrac 4,1 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 17,2% təşkil etməklə 224,6 milyon ABŞ dolları olub. 2022-ci ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac 43,7% artaraq 61,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 9,5% artaraq 162,9 milyon ABŞ dolları təşkil edib.
2022-ci ilin iyul ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (80,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (33,8 milyon ABŞ dolları) ikinci və Gürcüstan (19,4 milyon ABŞ dolları) üçüncü olub.
2022-ci ilin iyul ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (23,1 milyon ABŞ dolları) birinci, ilkin formalı polipropilen (16 milyon ABŞ dolları) ikinci və şaftalı meyvəsi (14,8 milyon ABŞ dolları) üçüncü olub. (Trend)