Bu il gözlənilən artım tempi nəzərə alındıqda, 2022-2025-ci illər üzrə qeyri-neft-qaz sektorunda ÜDM-in orta illik artımı strateji sənədlərdə müəyyən edilmiş hədəfi üstələyir.
İMF: "Azərbaycan iqtisadiyyatı ortamüddətli dövrdə ildə 2,5 % artacaq
FED.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında bildirib.
Onun sözlərinə görə, 2022-2025-ci illər ərzində qeyri-neft-qaz ÜDM-nin orta illik artımının 6,1 % olacağı gözlənilir:
"Ümumi daxili məhsulun artımının tamamilə qeyri-neft-qaz sektorunun hesabına formalaşması, iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun gücləndirilməsi baxımından mühüm nailiyyətdir. Bu tendensiya ölkənin iqtisadi sabitliyinin daha da möhkəmlənməsinə və uzunmüddətli dayanıqlı inkişafın təmin olunmasına xidmət edir".
Nazir müavini vurğulayıb ki, hazırda iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş fəaliyyət ardıcıl şəkildə davam edir və bu siyasətin nəticələri yaxın illərdə iqtisadi artım göstəricilərində daha aydın hiss olunacaq.
"Makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının əsas göstəricilərindən biridir. Mövcud əlverişli şərait ölkədə maliyyə intizamının qorunmasına, inflyasiyanın idarə olunmasına, investisiya mühitinin yaxşılaşdırılmasına və qeyri-neft sektorunun genişlənməsinə imkan yaradır. Eyni zamanda, bu proses iqtisadi artımın sosial rifahla uzlaşdırılmasını və uzunmüddətli inkişaf strategiyalarının reallaşdırılmasını stimullaşdırır", - S. Bəşirli əlavə edib. (Apa)













