İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nazirliyə məxsus "Tikinti-Təchizat Birliyi" MMC-ni dövlət qeydiyyatına alıb.
Eləcə də bax: Yeni şirkət yaradılıb, “Azersun”un baş direktoru Məhəmməd Gözəl rəhbər - TƏYİN EDİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, yeni şirkət Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi, 16 ünvanında qeydiyyatdan keçib.
Bu ünvanda həm də Dövlət Vergi Xidməti fəaliyyət göstərir. "Tikinti-Təchizat Birliyi"nin nizamnamə kapitalı 1 037 336 manat, qanuni təmsilçisi isə Anar Sabir oğlu İsgəndərovdur.
Xatırladaq ki, "Tikinti-Təchizat Birliyi”nin yaradılması Prezident İlham Əliyevin bu il iyunun 26-da imzaladığı fərmanda öz əksini tapıb. Fərmana əsasən, yeni şirkət İqtisadiyyat Nazirliyinin tabeliyindəki Təsərrüfat Müəssisəsi və nazirliyin strukturuna daxil edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin təsisçisi olduğu “Tikilməkdə olan obyektlər müdiriyyəti” MMC-nin əsasında yaradılıb.
Nazirlər Kabinetinin bu il dekabrın 3-də qəbul etdiyi qərara əsasən, şirkətin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına İqtisadiyyat Nazirliyi üzrə mərkəzləşdirilmiş qaydada tikinti obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni obyektlərin tikintisi ilə bağlı daxilolmaların 1%-ə qədəri, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25%-i həddində müəyyən edilib.