Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) əməkdaşları “İstisu” mineral su zavodunun idarəetmə sistemi və laboratoriyalarının, o cümlədən istehsal edilən məhsullarının yerli və beynəlxalq standartların tələblərinə uyğunluğunu izləmək məqsədilə sözügedən zavodda olublar.
“İstisu” mineral suyu Kəlbəcərdə yenidən istehsal edilir - FOTO
AZSTANDART-dan FED.az-a bildirilib ki, görüş zamanı Azərbaycan Standartlaşdırma İnstitutunun ekspertləri laboratoriya şəraitində su qurğularının test edilməsi, ağır metalların sudan təmizlənməsi, təmizlənmiş suyun laboratoriya şəraitində yenidən yoxlanması, qablaşdırılması, hazır məhsulun standartın tələblərinə uyğun şəraitdə saxlanılması və istehlakçıya çatdırılması prosesi ilə tanış olublar.
Sonda AZSTANDART tərəfindən “İstisu” mineral su zavodunun idarəetmə sistemləri ISO 9001:2015 və ISO 22000:2018 yerli və beynəlxalq standartların tələblərinə uyğun olaraq sertifikatlaşdırılıb. Həmçinin “İstisu” mineral su zavodunun istehlakçıya təqdim etdiyi içməli təbii mineral su məhsulunun AZS 216–2006 "İçməli təbii mineral sular. Ümumi texniki şərtlər" standartına uyğun şəkildə sertifikatlaşdırılması AZSTANDART tərəfindən təmin olunub.
Beləliklə, “İstisu” təbii mineral suyu yerli və beynəlxalq, keyfiyyət və təhlükəsizlik standartlarının tələblərinə cavab verir.