Prezident İlham Əliyev "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nı təsdiq edib.
FED.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməli, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməli, icra vəziyyəti barədə ildə bir dəfə dövlət başçısına məlumat verməli, icranın monitorinqini və qiymətləndirilməsini isə Dövlət Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.
***
“Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, azad rəqabət mühitini gücləndirmək, inhisarçılıq fəaliyyətini aradan qaldırmaq, biznes və investisiya imkanlarını genişləndirmək, milli iqtisadiyyatın dayanıqlı inkişafını və qlobal çağırışlara hazır olmasını təmin etmək məqsədilə qərara alıram:
1. “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı” (bundan sonra – Milli Fəaliyyət Planı) təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi:
3.1. Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;
3.2. Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 sentyabr 2026-cı il













