Fevralın 28-də Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun 2022-ci ildə fəaliyyəti, "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlərə dair mətbuat konfransı keçirilib.
Azərbaycanda ixrac üçün potensialı olan - 100-dən Çox Məhsul Müəyyənləşdirilib
FED.az xəbər verir ki, AZPROMO-nun rəhbəri Yusif Abdullayev qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, yerli istehsalın stimullaşdırılması, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.
Qeyd olunub ki, 2022-ci ildə Azərbaycan şirkətləri öz məhsullarını Rusiyada "Prodexpo", BƏƏ-də "Gulfood" kimi beynəlxalq sərgilərdə vahid ölkə stendində, eləcə də Bakıda Rusiyanın aparıcı şirkətlərindən biri kimi tanınan "X5 Group" üçün təşkil olanan qida sənayesi sərgisində nümayiş etdiriblər. 2023-cü ildə də Azərbaycan sahibkarlarının beynəlxalq sərgilərdə iştirakı davam etdiriləcək. Belə ki, bu ilin yanvar ayının sonlarında Azərbaycan məhsulları Berlində keçirilən "Beynəlxalq Yaşıl Həftə" ("International Green Week") sərgisində nümayiş olunub. Şərab, qurudulmuş meyvələr, mineral sular, ət və ət məhsulları, duz, çay və qənnadı məmulatlarının istehsalı sahəsində fəaliyyət göstərən 15 Azərbaycan şirkəti sözügedən sərgidə "Made in Azerbaijan" vahid ölkə stendi ilə iştirak edib. Ümumilikdə, indiyədək Azərbaycan məhsulları 42 beynəlxalq sərgidə nümayiş olunub. Yerli məhsullarımız xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan ticarət evlərində də təqdim olunur. Qeyd olunub ki, Azərbaycanın xaricdə fəaliyyət göstərdiyi ticarət nümayəndəlikləri "Made in Azerbaijan" brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqi, qeyri-neft ixracının genişləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər.
Müxtəlif xarici ölkələrdə təşkil edilmiş sərgilərdə fərdi qaydada iştiraka dair sahibkarların müraciətlərinə əsasən, ötən il ərzində ixracatçılara 177 min manatdan çox vəsait dəstək qismində ödənilmişdir. Ümumiyyətlə, 2022-ci ildə Azərbaycandan 107 ölkəyə qeyri-neft məhsulları ixrac olunub. Əvvəlki illə müqayisədə, ötən il qeyri-neft ixracı 12,3% artaraq ilk dəfə 3 mlrd. ABŞ dollarını ötüb.
Qeyd olunub ki, AZPROMO bir çox investisiya təşviqi agentlikləri, ticarət və sənaye palataları və digər müvafiq institutlarla əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulması istiqamətində iş aparır. Ötən il 8 ölkədən olan 12 analoji qurumla anlaşma memorandumu imzalanıb. Bu istiqamətdə işlər cari ildə də davam etdiriləcək.
Mətbuat konfransında həmçinin diqqətə çatdırılıb ki, "Made in Azerbaijan" brendinin təşviqi, yerli məhsulların xarici bazarlarda daha çox tanıdılması və eləcə də ixracın və istehsalın stimullaşdırılması məqsədi ilə tədbirlər davam etdiriləcək. Belə ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan şirkətlərinin müxtəlif beynəlxalq sərgilərdə iştirakı, həmçinin məhsullarımızın "Made in Azerbaijan" vahid ölkə stendində nümayişi, eləcə də bəzi ölkələrə ixrac missiyalarının təşkili nəzərdə tutulur. Bununla yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir neçə ölkənin Azərbaycana alıcı missiyası təşkil olunacaq. Qeyri-neft sektorunun inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi, yerli məhsulların xarici bazarlarda satışının artırılması istiqamətində işlər davam etdiriləcək.
Ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların cəlb edilməsinin AZPROMO-nun əsas fəaliyyət istiqamətlərindən olduğunu vurğulayan Yusif Abdullayev bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, cari il ərzində Türkiyə, Yaponiya, Qətər, İsrail və digər ölkələrdə "Investment Roadshow" formatında tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Tədbirdə bildirilib ki, ümumilikdə, 2022-ci ilin ilk 9 ayı ərzində qeyri-neft sektoruna cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 2,4 dəfə artaraq 1,4 mlrd. ABŞ dolları təşkil edib.
Mətbuat konfransında Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin xarici tərəfdaşları ilə işgüzar əlaqələrinin genişləndirilməsi və Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunun artırılması istiqamətində tədbirlərin davam etdirildiyi vurğulanıb.