«Çörək əsas ərzaq məhsuludur. Bu müqəddəs nemət min bir zəhmət bahasına başa gəlir və təəssüf ki, onun istehlakına bir çox hallarda laqeyd yanaşılır. Bəzən ondan israfçılıqla istifadə edilir».
Eləcə də bax: Qara çörəyin qiyməti üçqat - BAHALAŞDI
FED.az xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
«Adambaşına ən çox çörək istehlak edən və ən çox israfçılığa yol verən ölkə kimi nöqsanlarımızı hesaba çəksək, ərzaq təhlükəsizliyimizə nə qədər ziyan vurduğumuzu aydın dərk edərik».
Aqrar siyasət komitəsinin sədri bildirib ki, hər gün ölkədə 10 tonlarla çörək israf edilir. «Hər gün şadlıq evlərində, restoranlarda, ictimai iaşə obyektlərində, toy və yas mərasimlərində, kütləvi tədbirlərdə, ailələrdə israf edilən on tonlarla çörəyin hesabatını aparsaq, əlbəttə ki, dəhşətli rəqəmlərlə qarşılaşarıq. Bu, yüz min tonlarla hesablanır və qətiyyən yolverilməzdir».
T.Rzayevin sözlərinə görə, bütün dünyada, o cümlədən Azərbaycanda ərzaq təhlükəsizliyi ilə mübarizə aparıldığı, taxılın, unun və çörəyin qiymətinin artdığı bir şəraitdə belə münasibət yolverilməzdir: «Ağıllı insan yaşadığı ərazidə hər gün xeyli miqdarda çörəyin tullantıya çevrildiyini görəndə düşünməlidir, ürək ağrısı keçirməlidir. Un məhsullarına münasibət də belədir və bizə həyat verən, dünyanı çıxılmaz vəziyyətdə qoyan ərzağa - una, çörəyə belə yanaşma əsl məsuliyyətsizlikdir».