İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər edib.
AZPROMO: "Bu il daha iki Ticarət Evinin açılması gözlənilir"
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində nümayəndə heyəti Çinin nəqliyyat vasitələri istehsal edən müəssisələrin rəhbərliyi ilə görüş keçirib, zavodların istehsal fəaliyyəti ilə tanış olub. Görüşlərdə ölkəmizin əlverişli biznes mühiti və investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib.
Qeyd olunub ki, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji və bu sektora bağlı sənaye sahələrinin inkişafı ölkəmizin əsas prioritetlərindəndir. Azərbaycanda bu sahədə ixtisaslaşmış müəssisələrin qurulması üçün geniş imkanlar var. Çin şirkətlərinin nümayəndələrinə ölkəmizdə “yaşıl” texnologiyaların tətbiqi, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb, biznes təşəbbüslər üçün geniş perspektivlərin olduğu vurğulanıb, Azərbaycanda birgə istehsal müəssisələrinin qurulması imkanları nəzərdən keçirilib.
“Alibaba”şirkətinin Qloballaşma Ofisinin rəhbərliyi ilə görüşdə Azərbaycan məhsullarının “Alibaba” elektron ticarət platformasında satışa çıxarılması məsələləri müzakirə olunub.
Azərbaycan nümayəndə heyəti həmçinin Pekin şəhərində yerli məhsullarımızın tanıdıldığı, “Made in Azerbaijan” brendinin nümayiş edildiyi Azərbaycan Ticarət Evində olub.