Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən yaradılmış Türk İnvestisiya Fondunun təsis iclası keçirilib, Fondla Türkiyə Respublikası arasında "Ev Sahibi Ölkə Müqaviləsi" imzalanıb.
FED.az xəbər verir ki, Azərbaycandan namizədliyi təqdim edilmiş Ramil Babayev Fondun Baş direktoru seçilib.
Mayın 18-də İstanbulda Türk İnvestisiya Fondunun təsis iclası keçirilib. İclasda fəxri qonaq qismində çıxış edən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Fondun təsis olunmasında payı olan qardaş türk dövlətlərinin nümayəndələrini təbrik edib, bildirib ki, Fondun məqsədi türk dövlətlərinin iqtisadi inkişafına töhfə vermək və maliyyə davamlılığını qorumaqdır.
Qeyd edilib ki, Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması ölkələr arasında geniş iqtisadi əməkdaşlığa və inteqrasiyaya imkan verəcək.
Türk İnvesitiya Fondunun prezidenti Bağdad Amrayev bildirib ki, Türk İnvestisiya Fondunun yaradılması ölkələrimiz arasında iqtisadi əlaqələrin davamlı inkişafın təşviqinə xidmət edir. Amreyev qeyd edib ki, Fond ölkələrimizə sərmayə qoyaraq, Türk dünyasında iqtisadi inteqrasiyanı dəstəkləyəcək bir mexanizm olmağı hədəfləyir.
Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən yaradılmış Türk İnvestisiya Fondunun təsis iclasında çıxış edən Türkiyə Respublikasının maliyyə və xəzinə naziri Mehmet Şimşək bildirib ki, türk dövlətlərinin 2024-cü ilin sonuna qədər 1,9 trilyon dollarlıq iqtisadi böyüklüyə və 178 milyon əhaliyə çataraq dünya iqtisadiyyatında mühüm yer qazanacağı gözlənilir. 500 milyon dollar nizamnamə kapitalı ilə qurulan Türk İnvestisiya Fondu həm dövlət, həm də özəl sektor investisiyalarını sürətləndirəcək. Bundan əlavə, Fond bir çox sahələrdə layihələrə texniki dəstək verəcək. İnfrastruktur, bərpa olunan enerji, kənd təsərrüfatı və turizm kimi bir çox sahələrə investisiyaların artırılmasında mühüm rol oynayacaq və davamlı iqtisadi inkişafa töhfə verəcək.
Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, Azərbaycan hər zaman türk dövlətləri ilə əməkdaşlığı yüksək qiymətləndirir, türk dünyasındakı inteqrasiya proseslərinə dəstək verir. Elnur Əliyev qeyd edib ki, təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti 2024-cü ilin 14 fevral tarixindəki andiçmə mərasimində Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığından danışarkən TDT-nin Azərbaycan üçün əsas beynəlxalq təşkilat olmasını, Türk dünyasının ailəmiz olduğunu vurğulamış, TDT-yə üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimizin olduğunu və bizim siyasətimizin TDT-ni gücləndirmək olduğunu bildirmişdir.
Diqqətə çatdırılıb ki, Azərbaycanın Qazaxıstan, Qırğızıstan və Özbəkistanla sərbəst ticarət sazişləri qüvvədədir ki, bu da həmin ölkələrlə idxal gömrük rüsumlarının qarşılıqlı ləğvini nəzərdə tutur. Həmçinin Türkiyə ilə 2020-ci ildə Preferensial Ticarət Sazişi və 2023-cü ilin aprel ayında isə Sazişin əhatə etdiyi məhsul siyahısının genişləndirilməsi məqsədilə əlavə protokol imzalanıb. Qeyd olunan addımlar gələcəkdə Azərbaycanın üzv dövlətlərlə ticarət dövriyyəsinin həcminin artmasına və dolayısı ilə iqtisadi aktivliyin yüksəlməsinə şərait yaradacaqdır.
İclasda gündəlikdə duran məsələlərin müzakirəsi ilə yanaşı Fondla Türkiyə Respublikası arasında "Ev Sahibi Ölkə Müqaviləsi" imzalanıb. Bundan başqa, Azərbaycandan namizədliyi təqdim edilmiş Ramil Babayev Fondun Baş direktoru seçilib.