Azərbaycan Dövlət Neft Fondu müxtəlif ölkələrdə, o cümlədən Cənub-Şərqi Asiya regionunda alternativ enerji və tullantıların idarə edilməsi biznesinə yatırım edə bilər.
FED.az xəbər verir ki, bu məsələ Dövlət Neft Fondunun İcraçı direktorunun müavini Rövşən Cavadovun Çinin “China Energy International Group Co., Ltd.” (“CEEC International”) şirkətinin sədri Syaodan Linin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə edilib.
Xatırladaq ki, Fond və “CEEC International” şirkəti 2025-ci il 8 sentyabr tarixində Anlaşma Memorandumu imzalayıblar. Budəfəki görüşdə tərəflər əməkdaşlığın dərinləşdirilməsi, yeni birgə investisiya imkanları müəyyən etmək və əməkdaşlıq mexanizmləri barədə müzakirə aparıblar.
Görüşdə Körfəz ölkələri, Çin və Cənub-Şərqi Asiya regionlarında bərpa olunan enerji, enerji saxlama və tullantıların idarəedilməsi sahələrində həyata keçirilə biləcək layihələrin və digər investisiya imkanlarının mütəmadi şəkildə nəzərdən keçirilməsi qərara alınıb.
Xatırladaq ki, Çinin “CEEC International” şirkəti energetika, su təsərrüfatı, sement sənayesi və digər irihəcmli infrastruktur sahələri üzrə Çində və beynəlxalq miqyasda investisiya və xidmətlər təqdim edən, layihələrin bütün mərhələlərini əhatə edən sistemli və açar həllər təklif edən iri sənaye konqlomeratıdır.
“CEEC International” adıçəkilən qrupun struktur vahidi olaraq, Çindən kənar beynəlxalq biznes fəaliyyətinin idarəedilməsi və beynəlxalq layihələrin icrasına və əməkdaşlığa rəhbərlik funksiyasını yerinə yetirir.
















