Dollar indeksi bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan dərc ediləcək əmək bazarına dair önəmli fundamental göstəricilər öncəsi korreksiya edib. Lakin indeksin 94 punktun üzərində qalması, bahalaşmanın davam edəcəyini proqnozlaşdırmağa əsas verir. Növbəti güclü müqavimət səviyyəsi isə son bir ilin maksimumu - 94.80 punktdur.
Bununla yanaşı, Avrozonada ticarət və Almaniyadan sənaye dövriyyəsinə dair fundamental göstəricilərin zəif açıqlanması, avronun ucuzlaşmasına səbəb olmaqla, dollara olan tələbi artırmışdır. İngiltərədən də tikinti sektorunda inkişaf dinamikasının zəifləməsi xəbəri yayımlanmışdı. Beləliklə, funt sterlinqindən uzaqlaşan investorlar dollara olan maraqlarını artırmışdır.
Kriptovalyuta birjalarında isə bitkoin dollara nisbətən daha sürətlə dəyər qazanır. Tendensiyanın 65000$-a kimi davam edəcəyi proqnozlaşdırılır, çünki 53000$ önəmli müqavimət səviyyəsi artıq qırılıb.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.