Dövlət Statistika Komitəsi ölkə iqtisadiyyatına yatırımları açıqlayıb. FED.az xəbər verir ki, 2019-cu ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11407,4 milyon manat vəsait yönəldilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə, 75 milyon manat və ya 0,65% azdır.
Eləcə də bax: İqtisadiyyata sərmayə qoyuluşunda – ƏHALİ BANKLARDAN - DAHA ÇOX AKTİVLƏŞİB
Ölkə iqtisadiyyatına yatırımların 7 milyard 620 milyon manatı və ya 66,8 faizini bilavasitə tikinti-quraşdırma işlərinə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə tikinti-quraşdırma işlərinə yatırımlar 337,5 milyon manat və ya 4,2% azalıb.
İqtisadiyyata yatırılan sərmayənin 71,1%i (8 milyard 111 manat) daxili, 28,9%-i (3 milyard 297 milyon manat) isə xarici sərmayələrin payına düşür.
Ötən il daxili mənbələr hesabına yatırımlar 7 milyard 130 milyon manat, xarici mənbələr hesabına isə 4 milyard 352 milyon manat təşkil edib.
Başqa sözlə, ötən ilin eyni dövrü ilə müqayisədə daxili mənbələr hesabına yatırımlar 981 milyon manat və ya 13,8% artıb. Xarici mənbələr hesabına yatırımlar isə 24,2% azalıb.
Ümumi sərmayənin 65,5% məhsul istehsalı sahələrinə, 25,0 % xidmət sahələrinə, 9,5 % isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Ötən il bu nisbət 69,1 faiz / 22,6 % / 8,3 % təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,4 faiz, büdcə vəsaitləri 27,2 faiz, bank kreditləri 7,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, büdcədənkənar fondların vəsaitləri 1,5 faiz, sair vəsaitlər isə 0,3 faiz təşkil edib.