Amerikadan bu gün Bakı vaxtı ilə saat 18:00-da açıqlanacaq sənaye istehsalına dair önəmli fundamental göstəricilər fonunda proqnozların yaxşılaşması, dollar indeksinin dəstək görməsinə səbəb olur. Lakin bununla bərabər iqtisadiyyat, xüsusilə əmək bazarında qeyri-müəyyənliyin artması, bahalaşmanın məhdud qalmasına səbəb olur. Saat 16:30-da pərakəndə satış dövriyyəsi və saat 21:30-da FED sədri Jerom Povelin çıxışı da investorların diqqət mərkəzindədir.
Beləliklə, EUR/USD və GBP/USD məzənnələri yenidən ucuzlaşmağa başlayıb. Avro 1.18, funt sterlinq 1.38$-ın altında qalarsa, ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır. Monetar siyasətlərin sərtləşəcəyi ehtimallarının zəifləməsi isə qızılın bahalaşmaqda davam etməsinə səbəb olur. Bir unsiya üzrə növbəti önəmli müqavimət səviyyəsi 1828$-dır.
Kriptovalyuta birjalarında isə 47 min müqavimət səviyyəsi qırılıb və bu, son bahalaşma dalğasının 51 min dollara kimi davam edəcəyini proqnozlaşdırmağa əsas verir.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.