Amerika sənayesinə dair fundamental göstəricilərin çox pis açıqlanmasından sonra dollar indeksi növbəti dəfə düşməyə başlayıb və trend ən azı 0.3% dərinləşə bilər.
Keçmiş həftə ərzində 0.9%-lik enişdən sonra fasilə yaşanılan indeksdə növbəti eniş dalğası müşahidə edilir və sözügedən korreksiya bir ayın minimumlarına kimi davam edə bilər. Beləliklə, EUR/USD, GBP/USD məzənnələrində də başlayan bahalaşmanın müvafiq olaraq 1.17 və 1.39$-a kimi davam edəcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerikanın tikinti sektoru ilə bağlı dərc ediləcək önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.
Foreks bazarlarında tendensiya əlvan metallar bazarlarında qızıla olan tələbin də artmasına səbəb olub və bir unsiya üzrə qiymət 1776$-ı qırarsa, 1785 və 1800$-a kimi dəyər qazana bilər.
Kriptovalyuta birjalarında isə bitkoinin qiyməti tarixi rekord səviyyəsini - 65000$-ı yenidən qırmaq üzrədir. Bunun baş verməsindən sonra növbəti önəmli müqavimət səviyyəsi 74 min dollar olacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.