Amerika Mərkəzi Bank (FED) sədri Jerom Povelin çərşənbə axşamı parlamentdə verdiyi hesabat zamanı, inflyasiyanın sürətlə artmasına görə faizlərini artırmayacağını, düzgün qərar vermək üçün vəziyyəti izləməkdə davam edəcəklərini və səbrli olmağın önəmli olduğunu bildirməsi, birjalarda qısa müddətli gələcəyin əsas istiqamətverici amili olacaqdır.
Foreks bazarlarında Amerika sessiyasında EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.20 və 1.40$-ın altında müqavimətlə rastlaşıb. Asiya sessiyasında isə ucuzlaşma müşahidə edilir və aparıcı valyutaların dollara nisbətən qiymətlərin ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır. Əlvan metallar bazarlarında qızılın da qiyməti də təzyiq altındadır və 1802$-ın altında qaldıqca, burada da ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, bu gün Avrozona və İngiltərənin sənaye və xidmət sektorlarına dair önəmli fundamental göstəricilər də açıqlanacaqdır.
Kriptovalyuta birjalarında isə bitkoinin qiyməti Çində mayninqə məhdudiyyətlərin gücləndirilməsi xəbərlərindən sonra 28734$-a kimi ucuzlaşdıqdan sonra yenidən bahalaşmağa başlayıb. Bahalaşma spekulyativ amillərlə əlaqələndirilir və BTC/USD məzənnəsi 37287$-a kimi yüksələ bilər. Lakin orta müddətli perspektivdə bazarın təzyiq altında qaldığı müşahidə edilir və cari bahalaşma da korrektiv qiymətləndirilməlidir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.