2020-ci ilin qısa xülasəsi
Pandemiyanın dünya iqtisadiyyatını zəiflətdiyi 2020-ci ili artıq geridə qoyduq. Dünyanın kiçik, lakin əhəmiyyətli parçası olan Azərbaycan və onun iqtisadiyyatı da pandemiyanın fəsadlarından kənar qalmadı. İqtisadiyyatın demək olar ki, bütün sahələrində pandemiyanın təsirlərini hiss etmək mümkün oldu. Daşınmaz əmlak bazarı da istisna olmadı.
Eləcə də bax: İpoteka krediti alanların aylıq gəlirinin hesablanması - Qaydası Dəyişib
Geridə qoyduğumuz 2020-ci ildə ölkənin daşınmaz əmlak bazarında bir neçə tendensiyaları açıq sezmək mümkün idi. İlk öncə ilin əvvəlindən ölkəmizə “qonaq gələn” COVID-19 virusu havaların istiləşməyə başladığı bir dövrdə ölkədə qapanmalara səbəb oldu. Təbii ki, insanlar binadakı mənzillərdə qapanmaqdansa bağ evlərində nisbətən daha açıq şəraitdə qapanmağı üstün tutdu. Nəticədə artan tələbin fonunda bağ evlərinin həm satış, həm də icarə qiymətləri sürətlə artmağa başladı. Bəzi bölgələrdə bu artımlar 50%-ə qədər çatdı. Paralel olaraq bəzi ticarət, ictimai iaşə obyektlərinin bağlanması nəticəsində insanların gəlirləri azaldı və daşınmaz əmlak əldə etmək istəyən şəxslər gözləmə mövqeyinə keçdilər. Qeyd edilənlərin fonunda tikintisi davam edən layihələrdə satışdan tikintinin davam etdirilməsinə yönləndirilən vəsaitlərdə ciddi azalmalar baş verməyə başladı. Belə davam edən halda isə tikinti şirkətləri endirimlər, kampaniyalar etməyə başladılar. Nəticədə ilkin bazarda, xüsusilə ekonom, komfort sinif əmlaklarda qiymət azalmaları baş verdi. Premium seqmentə aid bitmiş layihələr, xüsusilə hazır və çıxarışlı olanlar öz statuslarını qorumaq məqsədi ilə qiymət endirimi etməsələr də, real danışıqlarda əvvəlki dövrlərə nisbətən daha çox endirimlər etməyə başladılar. O cümlədən, təkrar bazarda da insanlar öz evlərini daha tez sataraq ya yeni bağ evi almaq, ya da bağlanan bizneslərinin vermədiyi gəliri əvəz etmək üçün endirimlərə gedərək mənzilləri tez reallaşdırmağa başladılar. Təbii ki, nəticədə təkrar bazarda da endirimlər baş verdi. İl ərzində bir neçə dəfə “İpoteka və Kredit Zəmanət Fondu” tərəfindən ayrılan ipoteka kreditləri bazarı azacıq canlandırsa da, bu, əsasən ekonom, komfort siniflərdə qısa müddətlik bir hərəkətlilikdən başqa bir şey olmadı.
Bütün bu trendləri nəzərə alaraq qeyd etmək olar ki, 2020-ci ilin əvvəli ilə sonu arasında daşınmaz əmlak bazarında seqmentdən asılı olaraq təqribən 9 – 16% arası qiymət enməsi müşahidə edildi.
Daşınmaz əmlaka investisiya üçün yaxşı vaxtdır!
2021-ci ilin ilk ayı bitsə də, 2020-ci ilin sonuna olan endirimli rəqəmlər hələ də aktuallığını saxlayır. Bu səbəbdən də əslində daşınmaz əmlak əldə etmək üçün yaxşı vaxtdır demək olar.
Azərbaycanlı investorlar üçün daşınmaz əmlak həmişə maraqlı investisiya aləti olaraq qalmaqdadır. Bütün dünya investorlarının əsasən səhm, istiqraz, digər qiymətli kağızlara və son zamanlar kriptovalyutalara meyl etdiyi zamanda, yerli investorlar qızıl, daşınmaz əmlak, xarici valyuta kimi ənənəvi alətlərdən aktiv istifadə edirlər.
Əslində Azərbaycan daşınmaz əmlak bazarında bəzi layihələrə doğrudan da investisiya etməkdə bir fayda vardır. Xüsusilə premium seqmentə aid olan layihələrdə bir çox hallarda iqtisadi hesablamalar cəlbedici nəticələr verir.
Nümunə üçün mərkəzdəki yaşayış komplekslərində bir mənzilin üzərində investisiya imkanlarını dəyərləndirək:
Bir layihədə 200 kv.m-lik 4 otaqlı mənzilin satış qiyməti ortalama 2100 manatdır. Mənzili kirayə vermək məqsədi ilə müvafiq vəziyyətə gətirmək üçün təmir və avadanlıqlara 1 kv.m üçün ortalama 600 manat vəsait xərcləmək lazımdır.
200 kv.m x 2100 manat/kv.m = 420 000 manat
200 kv.m x 600 manat/kv.m = 120 000 manat
Toplam mənzilin təmirli və əşyalı dəyəri 420 000 manat + 120 000 manat = 540 000 manat edir.
Qeyd edilən tip mənzili kirayə mənzil bazarında rahatlıqla 1 ay üçün 3 000 manata kirayə vermək olar ki, bu da illik 12 ay x 3 000 manat= 36 000 manat gəlir əldə etməyə imkan verir. İl ərzində mənzilin dolumluluq faizini 90% nəzərə alsaq, bu zaman illik gəlir 36 000 manat x 90%= 32 400 manat və ya faizlə isə 32 400 manat / 540 000 manat = 6% edir.
Hal-hazırda etibarlı bankların manat üzrə depozit gəlirliyi təqribən bu rəqəmin ətrafındadır. Lakin, vəsaiti bankda saxlamaq daşınmaz əmlaka yatırmaqdan daha riskli sayıldığından, investorlar üçün bu tip daşınmaz əmlaka investisiya cəlbedici görünə bilər. Mənzilin illik qiymət artımını (pandemiya olmayan şəraitdə) nəzərə alsaq illik gəlirliliyin 6%-in üzərində olacağını əminliklə vurğulamaq olar.
Onu da qeyd etmək lazımdır ki, iqtisadi vəziyyət düzəldikcə, insanların gəlirlilik səviyyəsi əvvəlki vəziyyətə qayıtdıqca daşınmaz əmlaka tələb artacaq, bu da nəticədə qiymət artımına gətirib çıxaracaq. Bu səbəbdən məhz indi daşınmaz əmlaka investisiya etmək üçün uyğun zaman hesab oluna bilər.
Elçin Niyazov, Daşınmaz Əmlak Satışı üzrə mütəxəssis