"Google", "Anthropic", "Meta", "OpenAI", "xAI" və "Nvidia" şirkətləri süni intellekt sistemlərinin inkişafına və təhlükəsizliyinə nəzarət edəcək müstəqil komitələr yaradacaq.
FED.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp və şirkət rəhbərlərinin imzaladığı sənəddə deyilir.
Tramp sənədi özünün "Truth Social" sosial şəbəkəsində yayımlayıb.
Sənəd süni intellektin inkişafına dörd səviyyəli nəzarəti nəzərdə tutur. Xüsusilə şirkətlər direktorlar şuraları yanında daxili və xarici auditorların, eləcə də süni intellektin təhlükəsizliyinə cavabdeh olan bölmələrin işinə nəzarət edəcək müstəqil komitələr yaradacaq.
Şirkətlər həmçinin mövcud nəzarət mexanizmlərinin müstəqil qiymətləndirilməsi üçün xarici auditor və ekspertləri cəlb edəcək. Bundan əlavə, təlim və tətbiq mərhələlərində süni intellekt modellərinin imkanlarını izləmək və təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlamaq üçün hər bir təşkilat daxilində xüsusi sistemlər fəaliyyət göstərəcək.
Kibertəhlükəsizliyə, bioloji və kimyəvi təhdidlərə xüsusi diqqət yetiriləcək.
Bundan əlavə, şirkətlər nəzarət, monitorinq və potensial təhdidlərin aşkar edilməsi sistemlərinin işini izləyəcək xüsusi bölmələr yaradacaq.
Sənəddə qeyd olunub ki, gələcəkdə bu tədbirlər qanunvericilik səviyyəsində təsbit oluna bilər. Şirkətlər həmçinin süni intellektin təhlükəsizliyi sahəsində ümumi standartların və qabaqcıl təcrübələrin işlənib hazırlanması üçün müntəzəm məsləhətləşmələr aparmaq barədə razılığa gəlib.












