Sonuncu gün “Green Card”a müraciət edir və qalib gəlir. Amerikaya köçmək niyyəti olmasa da, bu ölkəyə bir aylıq məcburi səfərdən sonra fikrini dəyişir. Üç həftə ərzində altı rəsmi iş təklifi alır, amma «Apple»ın təklifindən imtina edərək kiçik bir startapa qoşulur.
FED.az biznes və maliyyə xəğbərləri portalı xəbər verir ki, söhbət hazırda Silikon Vadisində Navan şirkətində Senior Staff Software Engineer və AI komandasının texniki rəhbəri kimi çalışan Məhəmmədiyə Abdurahimovdan gedir.
Qeyd edək ki, «Navan» şirkət – 4500-dən çox əməkdaşı olan və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən qlobal texnologiya şirkətidir. Senior Staff Software Engineer və Sİ komandasının texniki rəhbər şirkətin süni intellekt strategiyasını quran, ən mürəkkəb kod arxitekturasını dizayn edən və Sİ mühəndislər komandasına texniki rəhbərlik edən yüksək səviyyəli mütəxəssisdir.
Məhəmmədiyə Abdurahimov FED.az biznes və maliyyə xəbərləri portalına geniş müsahibə verib. O, müsahibədə xaricdə iş, süni intellekt, startaplar və digər mövzular haqqında danışıb.
- Məhəmmədiyə bəy, sizin ixtisasınız nədir? Yəni Amerikaya getməzdən əvvəl hansı sahədə fəaliyyət göstərirdiniz?
- İxtisasım kompüter mühəndisliyidir və proqram təminatı sahəsində 20 ildən artıq təcrübəm var. Hazırda Silikon Vadisində “Navan” şirkətində Senior Staff Software Engineer və Sİ (süni intellekt) komandasının texniki rəhbəri kimi çalışıram. Real müştərilərin səfər axtarmaq və rezervasiya etmək üçün istifadə etdiyi süni intellekt agentləri üzərində işləyirəm.
- ABŞ-a köçməzdən əvvəl Azərbaycanda hansı şirkətlərdə çalışmısınız?
- Amerikaya getməzdən əvvəl “GoldenPay” şirkətində CTO (baş texniki direktor – red FED.az) idim. Ondan əvvəl “Atəşgah Sığorta”, “Azercell” və başqa şirkətlərdə çalışmışam. Telekommunikasiya, sığorta və ödəniş sistemləri kimi həm böyük həcm, həm də yüksək etibarlılıq tələb edən sahələri içəridən görmüşəm. Bundan əlavə, əsas işimdən kənar Azərbaycanda ondan çox böyük layihəni idarə etmişəm.
Rəhbər vəzifədə olsam da, heç vaxt texnologiyadan uzaqlaşmamışam. Komanda idarə etməklə yanaşı yeni texnologiyaları öyrənməyə və kod yazmağa davam etmişəm. Məncə, texnologiya sahəsində rəhbərin ən böyük üstünlüyü təkcə insanları deyil, onların gördüyü işi də dərindən anlamasıdır. Sonradan Amerikada məni fərqləndirən əsas cəhətlərdən biri də bu oldu.
- Bəs necə oldu ki, Amerikaya getdiniz? Orada işləmək planınız əvvəlcədən var idi, yoxsa yoxsa getdikdən sonra qalmağa qərar verdiniz?
- Amerikaya “Green Card” vasitəsilə getmişəm. Maraqlısı budur ki, “Green Card” proqramına həyatımda ilk dəfə, həm də müraciətin son günü müraciət etmişdim. Seçiləcəyimi gözləmirdim. Hətta əvvəlcə Amerikaya köçmək fikrim də yox idi.
“Green Card” prosesinə görə ABŞ-a giriş etməli idim. Buna görə işdən bir aylıq məzuniyyət götürərək Kaliforniyanın Bay Area bölgəsinə getdim. Orada yerli texnologiya görüşlərinə qatıldım, mühəndislərlə tanış oldum və mühiti yaxından gördüm. Havası, yaşayış şəraiti, texnologiya mühiti və insanların düşüncə tərzi çox xoşuma gəldi. Bir neçə gündən sonra qərar verdim ki, burada yaşamaq və karyeramı davam etdirmək istəyirəm.
- ABŞ-a cəmi bir neçə həftə əvvəl gələn şəxs üçün iş tapmaq çətin olmadı ki?
- Elə oradaca işlərə müraciət etməyə başladım. Üç həftə sonra altı rəsmi iş təklifim vardı. Onlardan biri «Apple» şirkətindən idi. Mən isə böyük və artıq tanınmış bir şirkəti seçmək əvəzinə, böyüməkdə olan “TripActions” startapına qoşuldum. Şirkətin yetmişinci əməkdaşı idim.
Sonra Azərbaycana qayıdıb işlərimi yekunlaşdırdım və qısa müddət sonra Amerikaya köçdüm. Əslində ora köçmək məqsədilə getməmişdim. Amma bir aylıq səfər həyatımın istiqamətini dəyişdi.
Həmin kiçik startap sonradan “Navan” oldu. Bu gün “Navan” IPO həyata keçirmiş, 4500-dən çox əməkdaşı olan və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən qlobal texnologiya şirkətidir. Mən bu böyüməni sadəcə kənardan izləməmişəm. Şirkətin əsas booking sistemləri, uçuş platforması, son dövrdə isə real müştərilərin istifadə etdiyi Sİ agentləri üzərində çalışmışam.
- Burada hansı vəzifədən başlamışdınız?
- Backend Engineer (arxa plan proqramçısı – red FED.az) kimi başladığım bu yolda Senior Staff Software Engineer səviyyəsinə qədər yüksəlmişəm. Navan şirkətinin bugünkü nöqtəyə çatmasında mənim də ciddi əməyim var və bununla qürur duyuram.
Bir startapa onun yetmişinci əməkdaşı kimi qoşulub, həmin şirkətin minlərlə əməkdaşı olan qlobal birja şirkətinə çevrilməsini içəridən yaşamaq karyeramın ən maraqlı hekayələrindən biridir.
- Məhəmmədiyə bəy, Amerikada iş tapmaq asandırmı? Xaricdə iş axtaranlar nəyə diqqət etməlidir?
- Açıq deyim, Amerikada yaxşı iş tapmaq asan deyil. Fürsət çoxdur, amma rəqabət də çox yüksəkdir. Mənim üç həftə ərzində altı iş təklifi almağım təsadüf deyildi. Bunun arxasında illərlə davam edən hazırlıq vardı.
CTO vəzifəsində çalışmağıma baxmayaraq, heç vaxt texniki işdən uzaqlaşmamışdım. Yeni texnologiyaları öyrənir, sistemlərin qurulmasında iştirak edir və kod yazırdım. Amerikada texniki müsahibədə əvvəlki vəzifənizin adından çox, həmin anda nə bacardığınıza baxırlar.
Bir üstünlüyüm də bu idi ki, “GoldenPay” şirkətində proqramçıları işə götürərkən artıq Silikon Vadisi şirkətlərinin müsahibə üsullarından istifadə edirdim. Həm namizəddən nə gözlənildiyini, həm də işəgötürənin necə qərar verdiyini bilirdim.
- Bəs indi vəziyyət necədir?
- Bu gün bazar əvvəlkindən daha çətindir. Süni intellektin yayılması ilə bir çox iş avtomatlaşıb. Şirkətlərdə aparılan ixtisarlar da bazarda təcrübəli namizədlərin sayını artırıb. Xüsusilə karyerasına yeni başlayan gənclər üçün ilk işi tapmaq çətinləşib.
Bu gün fərqlənmək üçün öz sahəsini yaxşı bilmək kifayət etmir. Süni intellektdən səmərəli istifadə etməyi də öyrənmək lazımdır. Artıq işəgötürən yalnız nə bildiyinizə yox, həmin biliyi nə qədər tez və düzgün nəticəyə çevirə bildiyinizə də baxır. Süni intellektdən istifadə bacarığı getdikcə əmək bazarının əsas tələblərindən birinə çevrilir.
- Ümumiyyətlə, xarici ölkələrdə əsasən hansı ixtisaslara ehtiyac var? Hansı mütəxəssislərin iş tapması daha asandır?
- Bütün ölkələr üçün eyni siyahı yoxdur. Tələbat ölkənin iqtisadiyyatına, demoqrafiyasına və yerli qanunlarına görə dəyişir. ABŞ-da proqram təminatı, data və analitika, süni intellekt, kibertəhlükəsizlik, səhiyyə, mühəndislik və bərpa olunan enerji sahələrində tələbat yüksəkdir. Məsələn, 2024-cü ildən 2034-cü ilə qədər data mütəxəssislərinə tələbatın 33,5 faiz, informasiya təhlükəsizliyi analitiklərinə isə 28,5 faiz artacağı proqnozlaşdırılır.
Ancaq bazar artıq sadəcə “proqramçı” axtarmır. Konkret sahədə dərin təcrübəsi olan insanlar daha tez fərqlənirlər. Məsələn, ödəniş sistemlərini yaxşı bilən backend mütəxəssisi ümumi təcrübəsi olan backend mühəndisindən daha tez seçilir. Eyni qayda süni intellektə də aiddir. Real sistemlərdə təhlükəsiz Sİ agentləri qurmuş mühəndis daha dəyərlidir.
Başqa sözlə, bazarda titul deyil, həll etdiyiniz problemin böyüklüyü və nəticəsi satılır. Bir sahədə hamıdan bir az bilməkdənsə, dəyərli bir problemi çoxlarından yaxşı həll etmək daha güclü üstünlükdür.
- Ortalama olaraq götürsək, əməkhaqqı nə qədər təşkil edir?
- Burada ümumi əmək bazarı ilə texnologiya sektorunu ayırmaq lazımdır. 2026-cı ilin ilk rübünün rəsmi göstəricisini illik hesabladıqda, ABŞ-da tam iş günü çalışanların median illik əməkhaqqı vergidən əvvəl təxminən 64 min dollardır. 2025-ci ilin statistikasında proqram mühəndislərinin orta illik əməkhaqqı isə təxminən 148 min dollar göstərilir.
“Sİ və Machine Learning” sahəsində rəqəmlər daha yüksəkdir. Böyük texnologiya şirkətlərində maaş, bonus və şirkət səhmləri birlikdə hesablandıqda illik ümumi paket çox vaxt 200 min dollardan 400 min dollara qədər yüksəlir. Məsələn, 2026-cı ilin iyulunda yenilənmiş “Levels.fyi” məlumatında “Google Machine Learning Engineer” üçün illik median ümumi paket 302 min dollar göstərilir.
Kaliforniyada kirayə, vergi, tibbi sığorta və digər yaşayış xərcləri də yüksəkdir. Ona görə maaşın yalnız nominal rəqəminə deyil, alıcılıq qabiliyyətinə və paketin nə qədərinin zəmanətli maaş, nə qədərinin səhm olduğuna baxmaq lazımdır. Böyük paket həmişə həmin məbləğin nağd şəkildə alınması demək deyil.
- Bəs ən yüksək əməkhaqqını hansı sahədə çalışanlar alır?
- Geniş əmək bazarına baxdıqda ən yüksək illik əməkhaqqı alan peşələrin başında yenə ixtisaslaşmış həkimlər və cərrahlar gəlir. 2025-ci ilin rəsmi statistikasında uşaq cərrahlarının orta illik əməkhaqqı təxminən 502 min, kardioloqlarınkı isə 455 min dollar göstərilib.
Amma son dövrün ən sürətli və ən nəzərəçarpan maaş artımı süni intellekt sahəsindədir. “OpenAI” şirkətinin hazır “Research Engineer” vakansiyasında illik maaş 250 min dollardan 445 min dollara qədərdir. Buna şirkət səhmləri də əlavə olunur. “Anthropic” şirkətinin “Reinforcement Learning üzrə Research Engineer” elanı isə illik 500 min dollardan 850 min dollara qədər maaş təklif edir.
Bazarın ən üst qatında rəqəmlər milyonlarla ölçülür. “Reuters” agentliyinin məlumatına görə, dünyanın ən güclü Sİ tədqiqatçılarından bəzilərinin illik ümumi paketləri 10 milyon dolları keçir. Burada şirkətlər sadəcə mühəndis işə götürmürlər. Onlar milyardlarla dollarlıq Sİ yarışında üstünlük qazandıra biləcək insanı transfer edirlər. Bu mənada bəzi Sİ tədqiqatçıları artıq peşəkar idman ulduzları kimi transfer olunur.
Bu maaşlar təsadüfən yaranmır. Nadir bacarıq, böyük biznes təsiri və yüksək məsuliyyət bir araya gələndə şirkətlər belə məbləğlər ödəməyə hazır olur. Süni intellekt hazırda bunun ən aydın göründüyü sahədir.
- Məhəmmədiyyə bəy, hər iki ölkədə – həm ABŞ, həm də Azərbaycanda çalışmısınız. İki ölkə arasında iş mühitinin hansı fərqli tərəfləri var?
- Mənim çalışdığım ABŞ texnologiya şirkətlərində əsas diqqət nəticəyə və məsuliyyətə verilir. İşçinin saat neçədə gəldiyindən çox, işin vaxtında və keyfiyyətlə görülməsi önəmlidir. Azadlıq çoxdur, amma həmin azadlıqla birlikdə məsuliyyət də artır.
Digər fərq açıq fikir mübadiləsidir. Gənc mühəndis əsaslandırılmış şəkildə şirkətin ən yüksək vəzifəli rəhbərinin fikri ilə razılaşmaya bilər və bu, hörmətsizlik sayılmır. Əksinə, problemi görüb susmaq daha pis qarşılanır. Burada vəzifə həmişə arqumentə qalib gəlmir.
Səhvlərə münasibətdə də fərq var. Oturuşmuş texnologiya şirkətlərində ilk sual “kim səhv etdi?” yox, “sistem bu səhvə necə imkan verdi?” olur. Bu yanaşma insanlara səhvdən öyrənməyə və yeni təşəbbüslər göstərməyə şərait yaradır.
Azərbaycanda isə şəxsi münasibətlər daha güclü, komandalar çox vaxt daha çevikdir. Son illərdə banklarda, texnologiya şirkətlərində və startaplarda nəticəyə, açıq ünsiyyətə və sağlam iş mühitinə önəm verən yeni nəsil görürəm. Məncə, ən güclü model Amerikanın sistemliliyini Azərbaycanın çevikliyi və insani münasibətləri ilə birləşdirməkdir.
- Amerikada işləyən azərbaycanlıların sayı çoxdurmu?
- Ümumi say baxımından Rusiya və Türkiyədəki Azərbaycan icmaları ABŞ-dakından daha böyükdür.
Amerikadakı icmamız nisbətən kiçik olsa da, texnologiya, tibb, elm, maliyyə və sahibkarlıq sahələrində kifayət qədər fəaldır. Silikon Vadisində, Nyu-Yorkda, Sietldə və digər şəhərlərdə böyük şirkətlərdə çalışan, elmi araşdırmalar aparan və öz biznesini quran azərbaycanlılar var.
Bir cümlə ilə desəm, Amerikada sayımız bəlkə çox böyük deyil, amma təsirimiz sayımızdan daha böyükdür. Mənim üçün ən sevindirici məqam bu insanların bir çoxunun Azərbaycanla əlaqəni qoruması və təcrübəsini ölkəmizdəki gənclərlə bölüşmək istəməsidir.





![Məzuniyyət götürüb ABŞ-a getdi, “Apple”ın iş təklifini qəbul etmədi - [red]Silikon Vadisində çalışan azərbaycanlı ilə - MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/167549.jpeg)
![Məzuniyyət götürüb ABŞ-a getdi, “Apple”ın iş təklifini qəbul etmədi - [red]Silikon Vadisində çalışan azərbaycanlı ilə - MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/655436.jpeg)







