SpaceX şirkətinin səhmləri ilk dəfə ilkin kütləvi yerləşdirmə (IPO) qiymətindən aşağı enib.
FED.az xəbər verir ki, bu barədə Bloomberg ticarət məlumatlarına istinadən xəbər verir.
İyulun 15-də ticarət zamanı İlon Maskın kosmik şirkətinin səhmləri minimumda 2,9% ucuzlaşaraq 132,15 dollara düşüb. Halbuki SpaceX-in IPO qiyməti 135 dollar idi. Ticarət sessiyasının sonunda eniş 0,6%-ə qədər zəifləyib və səhmlər 135,27 dollardan bağlanıb.
İlon Maskın şirkətinin birjaya çıxmasından cəmi bir ay sonra SpaceX səhmləri ətrafındakı yüksək maraq zəifləyib. Şirkət iyunda tarixdə ən böyük IPO keçirərək opsionlar da daxil olmaqla təxminən 86 milyard dollar cəlb edib. Pik nöqtədə səhmlər IPO qiyməti ilə müqayisədə 67% bahalaşaraq 225,64 dollara yüksəlsə də, sonradan bütün bu artımı itirib. Bloomberg qeyd edir ki, səhmlər artıq ardıcıl dörd ticarət sessiyasını enişlə başa vurub.
SLC Management şirkətinin idarəedici direktoru Dek Mullarkinin sözlərinə görə, investorlar getdikcə daha çox anlayırlar ki, SpaceX-in planlarının əhəmiyyətli hissəsi Maskın süni intellekt startapı xAI-nin ambisiyaları ilə bağlıdır. Onun fikrincə, bazarlar süni intellekt texnologiyalarının dəyərinə və inkişaf xərclərinin səmərəliliyinə daha ehtiyatla yanaşdığı üçün SpaceX-in planları yaxın zamanda pul axını yaratmaqdan uzaq görünə bilər.
Bloomberg yazır ki, yaxın həftələrdə şirkət ilk rüblük maliyyə hesabatını açıqlayacaq, daha sonra isə erkən investorlar üçün nəzərdə tutulan lokap müddəti başa çatacaq. Bundan əlavə, Zacks Investment Management şirkətinin strateqi Brayan Malberri hesab edir ki, İlon Maska ictimai fiqur kimi mənfi münasibət də səhmlərə təzyiq göstərir.
Buna baxmayaraq, Bloomberg-in məlumatına görə, Uoll-Strit ümumilikdə SpaceX səhmlərinə münasibətdə nikbin mövqeyini qoruyur. Bir çox analitik səhmlər üzrə “al” tövsiyəsi verib. Ən optimist proqnozu isə Raymond James analitikləri səsləndiriblər. Onlar SpaceX səhmləri üçün hədəf qiyməti 800 dollar səviyyəsində müəyyən ediblər.















