Gürcüstan hökuməti ölkəyə gələn byöük turist axınını qarşılamaq üçün Tbilisidə yeni böyük – meqa aeroport tikməyə hazırlaşır.
Bakının tikinti sektorunun təhlili: trendlər, problemlər və yeni standartlar - “Kristal”ın rəhbəri - MAHAYƏT NƏBİYEVLƏ MÜSAHİBƏ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yeni aeroport Tbilisi yaxınlığında Vazianidə tikiləcək.
Gürcüstan hökuməti yeni aeroportu tikməklə ölkəyə indiyədək görünməmiş turist axınının öhdəsindən gəlməyi planlaşırır.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstana Tbilisi aeroportu ilə rekord sayda – 5,4 milyon nəfər xarici turist gəlib. Hökumət bu tələbi qarşılamaq üçün hazırki Tbilisi aeroportunu yeniləməyə başlayıb.
Tbilisi Beynəlxalq Aeroportu rəsmi olaraq əsaslı təmir işlərinə başlayıb. Aeroportu idarə edən Türkiyənin «TAV Georgia holdinq» şirkəti ölkənin əsas hava limanının genişləndirilməsinə 150 milyon dollar sərmayə qoyacaq. 2026-2028-ci illəri əhatə edən layihə terminalın tıxac problemini birdəfəlik həll etmək üçün nəzərdə tutulub.
13 iyul 2026-cı ildə layihənin açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və İqtisadiyyat naziri Mariam Kvrivişvili ölkənin aviasiya sənayesinin görünməmiş bir yüksəliş yaşadığını bildiriblər. Qeyd edilib ki, 2025-ci ildə Tbilisi Hava Limanı rekord həddə - 5,4 milyon sərnişinə xidmət göstərib, bu isə aeroportun tutumundan artıqdır.
Yenilənmə nəticəsində Tbilisi aeroportunun buraxılış qabiliyyəti 5 milyondan 10 milyon nəfərə qaldırılacaq.
Bununla bağlı Gürcüstan hökuməti ilə Türkiyə şirkəti arasında razılıq əldə edilib. Belə ki, türkiyə şirkəti aeroportun infrastrukturunu tam modernləşdirmək və hava limanının sərnişindaşıma qabiliyyətini ildə 5 milyondan 10 milyona qədər ikiqat artırmaq öhdəliyi götürür, bunun müqabilində Gürcüstan hökuməti «TAV Georgia»nın güzəştini 2032-ci ilə qədər uzadıb.
Layihəyə görə, aeroportda reaktiv körpülərin (“qollar”) sayı ikiqat artacaq – 5-dən 10-a qədər. Bundan başqa, ərazidə 7 yeni ucqar təyyarə dayanacağı əlavə olunacaq, doqquz qeydiyyat məntəqəsi, 24 pasport nəzarəti kabinəsi və iki yeni baqaj karuseli əlavə olunacaq.
İqtisadiyyat naziri Mariam Kvrivişvilinin sözlərinə görə, hazırda Gürcüstanda 125 istiqamətə uçuşlar həyata keçirən 85 aviaşirkət fəaliyyət göstərir. Son uğurlar arasında o, «Norwegian Airlines» tərəfindən Kopenhagenə birbaşa uçuşların açılmasını və «China Eastern Airlines» tərəfindən Şanxaydan Tbilisiyə birbaşa uçuşların açılmasına hazırlıqları xüsusi qeyd edib. Ümumilikdə, Gürcüstanın üç hava limanı 2025-ci ildə rekord 8,5 milyon sərnişinə xidmət göstərib.
Yeni aeroport da tikiləcək
İndiki hava limanının modernləşdirilməsi hökumətin müvəqqəti addımıdır. "Gürcü Arzusu" hökuməti daha da iddialı bir layihə irəli sürüb: Tbilisinin ətrafındakı keçmiş Vaziani hərbi bazasının yerində tamamilə yeni, ən müasir beynəlxalq hava limanının tikintisi.
Əvvəlcə Vazianidə tikinti işlərinin daha tez başlaması gözlənilirdi, lakin sonradan işlərin 2027-ci ilin sonunda başlanması və 2031-ci ilin sonuna qədər tamamlanması elan edildi.
Vazianidəki yeni meqa-mərkəz ildə 20 milyon sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulub ki, bu da region üçün çox böyük rəqəmdir. Hakimiyyət orqanlarının məlumatına görə, o, 2032-ci ildən, yəni köhnə hava limanının istismarı üçün TAV Georgia ilə uzadılmış müqavilənin müddəti bitdikdən dərhal sonra tam fəaliyyətə başlayacaq. Beləliklə, növbəti onilliyin əvvəlinə qədər Tbilisi Avropa və Asiyanın kəsişməsində ən böyük aviasiya mərkəzinə çevrilməyi planlaşdırır.














