Bu ilin sonuna qədər Azərbaycanda daha 7 mobil tətbiqin "myGov" platformasına köçürülməsi planlaşdırılır.
MyGov-da yenilik - Süni intellekt müştərilərlə "danışacaq"
FED.az xəbər verir ki, bunu rəqəmsal inkişaf vənəqliyyat nazirinin müavini Rəşad Həsənov Bakıda keçirilən "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada bildirib.
"Azərbaycanda dövlət xidmətlərinin vahid pəncərə prinsipi əsasında "myGov" üzərindən göstərilməsi, ayrı-ayrılıqda fəaliyyət göstərən mobil tətbiqlərin konsolidasiyası istiqamətində işlərə başlanılıb və artıq mühüm nəticələr əldə olunub. Bu çərçivədə "e-Sosial", "e-Təbib" və "e-Su" tətbiqlərində təqdim olunan xidmətlər "myGov"a inteqrasiya edilib, həmin tətbiqlərin fəaliyyəti isə dayandırılıb. Bu ilin sonuna qədər daha 7 tətbiqin xidmətlərinin də "myGov" üzərindən təqdim edilməsi, onların ayrıca fəaliyyətinin dayandırılması nəzərdə tutulur.
Burada xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, xidmətlərin vahid platformada cəmləşdirilməsi proaktiv dövlət xidmətlərinin göstərilməsi imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirəcək", - deyə o qeyd edib.
Bundan başqa, nazir müavini əlavə edib ki, Azərbaycanda süni intellekt üçün vahid məlumat bazasının formalaşdırılmasına başlanılıb: "Rəqəmsallaşma, o cümlədən süni intellekt həllərinin tətbiqi üçün ilk və ən vacib addımlardan biri vahid məlumat hövzəsinin (data lake) formalaşdırılmasıdır. Dövlət orqanlarının əksəriyyətində rəqəmsallaşma prosesi uğurla həyata keçirilib və məlumatlar elektron formatda mövcuddur. Lakin bu məlumatlar bir çox hallarda fərqli formatlarda saxlanılır, vahid standartlara əsaslanmır və bir-biri ilə inteqrasiya olunmur. Nəticədə bu məlumatlardan səmərəli istifadə imkanları məhdudlaşır, onların əsasında süni intellekt həllərinin tətbiqi və geniş analitik təhlillərin aparılması çətinləşir. Bu baxımdan ilkin mərhələdə dövlət qurumlarında mövcud məlumatların vahid platformada cəmləşdirilməsi məqsədilə mərkəzləşdirilmiş məlumat hövzəsinin yaradılması istiqamətində işlərə başlanılıb və artıq ilk addımlar atılıb". (Report)














