Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Temu” elektron ticarət platformasının sahibi “PDD Holdings” şirkəti barəsinə iş qaldırıb.
Dövlət Agentliyi bu il “Bazarstore”u iki dəfə cərimələyib – Məhsulu qiymətindən baha satırmış
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Agentlik iddia edib ki, “PDD Holdings” şirkəti “Temu” elektron ticarət platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməklə hökmran mövqedən sui-istifadə etməsi ilə əlaqədar rəqabət qanunvericiliyini pozub.
Agentlik elan edib ki, bu hərəkətlər Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması deməkdir.
“Daxil olmuş müraciət əsasında rəqabət orqanının öz təşəbbüsü ilə aparılan araşdırma davam etdirilir”-deyə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatında bildirilir.
Bəs Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin xatırlatdığı Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələri hansı pozuntulara aiddir.
Ümumiyytələ, məcəllənin 16-cı maddəsi hökmran mövqedən sui-istifadəyə aiddir (Maddə 16. Hökmran mövqedən sui-istifadə)
Maddə 16.2 isə hökmran mövqedən rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya ola bilən sui-istifadə hallarını əhatə edir.
Konkret maddələrə gəlincə:
Maddə 16.2.1 – aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqini nəzərdə tutur.
Maddə 16.2.7 - bazarda rəqabətin məhdudlaşdırılması ilə nəticələnən aşağı qiymətlərin, yaxud rəqiblərə davamlı olaraq rentabelli fəaliyyət göstərməyə imkan verməyən qiymətlərin tətbiq edilməsinə aiddir.
Maddə 16.2.8 - iqtisadi və ya texnoloji əsaslar olmadan məhsulun maya dəyərindən aşağı qiymətə satılmasına aiddir. Əgər bu mallar fiziki və mənəvi cəhətdən köhnə deyillərsə, və istifadədən çıxarılmış mallar deyilsə.
Başqa sözlə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Temu” elektron ticarət platformasını və onun sahibi olan “PDD Holdings” şirkətini malları ucuz satmaqda, bununla da bazardakı rəqiblərə problem yaratmaqda ittiham edir.
Xatırladaq ki, xaricdəki internet ticarət portallarından alınan malların qiymətinin aşağı olması Azərbaycanda tez-tez müzakirə obyektinə çevrilir. Xüsusilə aqnaloji malları satan yerli şirkətlər daima bu platformaların nəzarərə götürülməsini və buradakı alqı-satqılara vergi və ya məhdudiyyət qoyulmasını təklif edirlər.
Hazırda bununla bağlı araşdırma davam edir.














