“DeepSeek” çat-botunun qurucusu Lyan Venfenq sərvətini iki dəfə artıraraq süni intellekt modellərinin yaradıcıları arasında dünyanın ən varlı şəxsi olub.
FED.az xəbər verir ki, bu, “Bloomberg Billionaires Index”in iyulun 14-nə olan reytinqindən məlum olub.
Lyan Venfenqin sərvəti 36 milyard dollar qiymətləndirilir. Onun varidatı son hesablamalardan bəri 16,7 milyard dollar artıb.
“Bloomberg” qeyd edir ki, bu göstərici ilə o, “Anthropic” şirkətinin həmtəsisçisi Dario Amodei və “OpenAI”nin həmtəsisçisi Qreq Brokmanı xeyli qabaqlayır.
Qlobal milyarderlər reytinqində isə Lyan Venfenq 63-cü yerdə qərarlaşıb.
“The Wall Street Journal” iyunun ortalarında yazmışdı ki, “DeepSeek” Çində süni intellekt sahəsində ən yüksək dəyərə malik startap olub. Şirkət ilk investisiya raundu çərçivəsində 7,4 milyard dollardan çox vəsait cəlb edib.
Bundan əlavə, “Reuters” iyulun 7-də mənbələrə istinadən xəbər vermişdi ki, “DeepSeek” süni intellekt sistemləri üçün öz çiplərini hazırlayır.














