Azərbaycanda bu ilin ikinci rübünün sonuna olan vəziyyətə görə aktivlərinin həcmini ən çox artıran bankların adları məlum olub.
Aktivlərin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2026)
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə bankların rüblük hesabatları əsasında hazırladığı aktivlərin dinamikası üzrə renkinqə istinadən xəbər verir.
Renkinqə görə, aktivlərini ən çox artıran bank «AFB Bank» olub. Bu bankın aktivləri ötən ilin sonundan bəri 114 milyon manat (26,9%) artaraq 537 milyon manata çatıb.
Aktivlərini əhəmiyyətli şəklildə artıran banklardan biri də «Bank of Baku»dur. Bu bankın aktivlərinin həcmi son altı ayda 239 milyon manat (20,7%) artaraq 1 milyard 392,6 milyon manata yüksəlib.
Ölkənin ən böyük bankları olan Azərbaycan Beynəlxalq Bankı – ABB Bank və «Kapital Bank» aktivlərini məbləğ ifadəsində ən çox artıran banklar siyahısındadır. Belə ki, ötən ilin sonundan bəri ABB Bank-ın aktivləri 1 milyard 677,6 milyon manat (12,3%) artaraq 15,3 milyard manata yüksəlib. «Kapital Bank» isə ilk yarım ildə 1 milyard 951 milyon manat (17,2%) böyüyərək aktivlərini 13,3 milyard manata çatdırıb.
2026-cı ildə aktivləri sürətlə böyüyən daha bir bank «Ziraat Bank Azərbaycan»dır - ilin birinci yarısında bu bankın aktivləri 129,2 milyon manat (14,1%) artaraq 1 milyard 560 milyon manata yüksəlib.















