Oktyabrın 9-da Audiovizual Şuranın onlayn formatda iclası keçirilib. İclasda Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəmadi həyata keçirdiyi monitorinq nəticəsində “Space TV”nin efirində aşkarlanmış qanun pozuntusu faktı müzakirə olunub.
Bu telekanallara - XƏBƏRDARLIQ EDİLDİ
Bu barədə FED.az-a Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, “Space TV”nin efirində oktyabrın 4-də “Yaxşıya doğru” proqramının yayımı zamanı (saat 12:19-da) proqramın aparıcısı hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində istintaqa cəlb edilmiş vətəndaş barədə “... cinayətkardır...” ifadəsini işlətmişdir ki, bununla da, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.14-cü maddəsinin tələbi (məhkəmənin qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulmuşdur.
Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.