Azərbaycan vətəndaşları üçün xaricdə yeni iş yeri imkanı tapılıb.
FED,az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu Türkiyənin gəmiçilik zavodlarıdır.
Ölkə vətəndaşlarının Türkiyənin gəmiçilik zavodlarında işləmək imkanları Dövlət Məşğulluq Agentliyində Türkiyə Respublikasının “İnce Shipping Group” şirkətinin nümayəndələri ilə görüşündə müzakirə edilib.
Görüşdə Azərbaycan vətəndaşlarının Türkiyədə gəmiçilik sahəsində işləməsi imkanı və buna dəstək göstərilməsi, burada uyğun vakansiyaların müəyyən edilməsi, məşğulluq şərtlərinin – maaş və sairin dəqiqləşdirilməsi, habelə bu məlumatların Azərbaycan tərəfinə sistemli şəkildə təqdim edilməsi məsələləri müzakirə olunub.
Agentliyin rəhbəri Hasil Abbasov qonaqlara Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və görülən işlər barədə məlumat verib.
Görüşdə işçi qüvvəsi dövriyyəsinin təmin edilməsi istiqamətində sağlam tərəfdaşlığın qurulması üçün müvafiq icazə və sənədləşmə prosedurlarının təmin edilməsi və vətəndaşların hüquqlarının qorunmasının əhəmiyyəti qeyd edilib.
Görüş zamanı əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsinin perspektivləri müzakirə olunub, gələcəkdə Türkiyənin gəmiçilik sektorunda Azərbaycan vətəndaşları üçün yeni məşğulluq imkanlarının yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, «İnce Shipping Group» şirkəti Türkiyənin köklü özəl gəmiçilik qruplarından biridir. Şirkət 1967-ci ildə İstanbulda ailə biznesi kimi yaradılıb və əsasən quru yük daşıyan bulk carrier gəmilərinin sahibliyi, idarə edilməsi və kommersiya istismarı ilə məşğuldur. Qrupun əsas əməliyyat mərkəzləri İstanbul və Sinqapurdadır. Şirkətin öz məlumatına görə, dənizdə çalışan heyəti təxminən 400 nəfərdir.












