İran hökuməti vasitəçilər vasitəsilə ABŞ-a Hörmüz boğazının tam şəkildə açılması üçün yerinə yetirilməsi zəruri olan yeddi şərt təqdim edib.
FED.az xəbər verir ki, bir qədər əvvəl rəsmi Tehran Vaşinqtondan hərbi təzyiqi dayandırmağı, blokadanı və sanksiyaları aradan qaldırmağı, dəymiş zərəri kompensasiya etməyi və İranın dondurulmuş aktivlərini açmağı tələb edib.
İndi isə İran vasitəçilər vasitəsilə Vaşinqtona yeddi şərt təqdim edib və elan edib ki, bu şərtlər yerinə yetirildikdən sonra Hörmüz boğazını tam gəmiçilik üçün açmağa hazırdır. Bu barədə «Tasnim» agentliyi İranın danışıqlar qrupuna yaxın mənbəyə istinadən məlumat yayıb.
“Bu yeddi şərt Amerika tərəfi tərəfindən qəbul edilənədək Hörmüz boğazı bağlı qalacaq” - agentliyin həmsöhbəti bildirib.
İranın bu dəfə təqdim etdiyi 7 şərt dəqiq açıqlanmır. Amma hələ avqustun 8-də həmin vaxt İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Məhəmməd Bağır Zülqədr ABŞ-a qarşı altı tələbi açıq şəkildə səsləndirmişdi.
Bunlar:
- İrana qarşı təhdidlərdən imtina edilməsi,
- Tehrana və onun Livan, Fələstin, Yəmən və İraqdakı müttəfiqlərinə qarşı hərbi əməliyyatların birdəfəlik dayandırılması,
- dəniz blokadasının aradan qaldırılması,
- eləcə də hərbi-dəniz və hərbi-hava qüvvələrinin ölkə ətrafındakı ərazilərdən çıxarılması yer alır.
Bundan əlavə, Tehran müharibə nəticəsində vurulmuş zərərin tam ödənilməsini, sanksiyaların ləğv edilməsini və dondurulmuş İran aktivlərinin blokdan çıxarılmasını tələb edib.
Yeni marşrut
Bundan başqa, İran və onunla birlikdə Hörmüz boğazına nəzarət edən Oman hökuməti gəmilərin hərəkəti üçün yeni marşrutlar barədə razılığa gəliblər. Bu zaman Fars körfəzinə naviqasiya tamamilə İranın ərazi sularından keçməlidir.
İran və Oman Hörmüz boğazından gəmiçiliyin yeni qaydası ilə bağlı texniki danışıqları başa çatdırıblar. Tasnim-in məlumatına görə, yekun razılaşma hələ avqustun sonunda əldə olunub və yaxın vaxtlarda onun Fars körfəzi dövlətlərinə təqdim edilməsi planlaşdırılır.
Razılaşdırılmış sxemə əsasən, Fars körfəzinə daxil olan gəmilərin marşrutu tamamilə İranın ərazi sularından keçəcək. Körfəzdən çıxan gəmilərin marşrutunun bir hissəsi də İran sularında olacaq və hərəkət Tehranın müəyyən etdiyi qaydalara uyğun həyata keçirilməlidir. ABŞ-ın açılmasına çalışdığı Oman sularından keçən cənub marşrutunun isə yeni sistem tətbiq ediləcəyi halda bağlanması nəzərdə tutulur.
Lakin İran tərəfi vurğulayır ki, əldə edilmiş razılaşma boğazın dərhal açılması demək deyil və Vaşinqton Tehranın siyasi şərtlərini yerinə yetirəcəyi təqdirdə gəmilərin hansı sxem üzrə hərəkət edəcəyini müəyyənləşdirir.
Reuters bildirir ki, İran yeni sxemə həm də boğazdakı gəmiçilik üzərində öz suverenliyini möhkəmləndirmək vasitəsi kimi baxır.
Bazar ertəsi Omanda İran və Fars körfəzi dövlətlərinin nümayəndələrinin görüşünün keçirilməsi planlaşdırılır. Lakin yüksək vəzifəli iranlı məmur agentliyə bildirib ki, görüşün yekununda tamhüquqlu sazişin imzalanması hələlik gözlənilmir.












