Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) öhdəliklərinin kapitala nisbəti üzrə üç hədd müəyyən edilib.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov bildirib.
Onun sözlərinə görə, BOKT-ların öhdəliklərinin kapitala nisbəti üzrə 1, 3 və 10 misli hədlər nəzərdə tutulub.
Xəyyam İsmayılov qeyd edib ki, ölkədə BOKT sektorunun milli valyutada istehlak kreditlərinin orta faiz dərəcəsi müəyyən edilmiş qaydada Mərkəzi Bank tərəfindən rüblük əsasda hesablanır və hər rübdən sonrakı ayın 30-na kimi Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanır.
Belə ki, BOKT-nin öhdəliklərinin cəmi kapitalının 10 mislindən çox olmamalıdır. BOKT-nin kredit portfelinin 25-50%-ni təşkil edən kreditlərin faktiki illik faiz dərəcələri BOKT sektorunda milli valyutada istehlak kreditlərinin orta faiz dərəcəsinin 1.25 mislindən çox olduğu halda BOKT-nin öhdəliklərinin cəmi kapitalının 3 mislindən çox olmamalıdır.
BOKT-nin kredit portfelinin 50%-dən çox olan hissəsini təşkil edən kreditlərin faktiki illik faiz dərəcələri BOKT sektorunda milli valyutada istehlak kreditlərinin orta faiz dərəcəsinin 1.25 mislindən çox olduğu halda BOKT-nin öhdəliklərinin cəmi kapitalının 1 mislindən çox olmamalıdır.
Hazırda bu istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35 %-dir: “Bu sahədə məqsəd isə cəlb olunan vəsaitin daha yüksək faizlərlə müştərilərə təqdim edilməsinin qarşısını almaqdır. Məsələn, BOKT-un portfelində kreditlərin faktiki faiz dərəcələri yuxarıda qeyd olunan hədlərdədirsə və kapitalı 5 milyon manatdırsa, onun öhdəlikləri 5 milyon və ya 15 milyon manat səviyyəsində olmalıdır. Lakin BOKT-un istehlak kreditləri üzrə faiz dərəcəsi açıqlanan istehlak kreditlərinin orta faiz dərəcəsinin 1.25 misli həddini keçmirsə, bu halda 10 mislinə qədər öhdəlik cəlb edə bilər" (APA).












