Rusiyanın “Rosatom” dövlət korporasiyasının qlobal törəməsi Azərbaycanda da fəaliyyətə başlayır.
Rusiya Türkiyə ərazisində ikinci - AES TİKƏCƏK
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Rosatom Mərkəzi Asiya” Məhdud Məsuliyyətli Ortaqlığının Azərbaycan Respublikasındakı filialı yaradılıb.
Filiala, Murad Aslanov Aliyeviç rəhbər təyin edilib. Murad Aslanov Azərbaycanla paralel Misir üzrə regional direktordur.
“Rosatom” – Çexiya, Macarıstan, Misir, Polşa, Qazaxıstan, Özbəkistan və Vyetnamda oxşar tədqiqat mərkəzlərinin yaradılmasına dəstək verib.
Rusiyada bütün hərbi və mülki nüvə fəaliyyətlərini həyata keçirən və bu ölkənin ən böyük elektrik enerjisi istehsalçısı olan “Rosatom” qlobal nüvə yanacağı bazarının 17 faizinə sahibdir.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri cənab Ramin Quluzadə “Rosatom”un rəhbərləri ilə görüşdə Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzi ilə “Rosatom” dövlət korporasiyasının qurumları arasında kadr hazırlığı, nüvə-elmi tədqiqatlar işinin aparılması və gələcək perspektivlər müzakirə edilmişdi.
Danışıqların əsas mövzusu “Rosatom” şirkəti ilə Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzi arasında nüvə fizikası və reaktoru sahəsində mütəxəssisin hazırlanması, gələcəkdə bu işlərin genişləndirilməsi idi.
Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzinin böyük nüvə reaktoru və digər avadanlıqların olmadığını nəzərə alaraq “Rosatom” şirkətinin qurumları ilə bu istiqamətdə geniş işlər görüləcəyi qərara alınmışdı.