Leyla Əliyeva: “Özümü tək hiss etməkdən yoruluram”
Bir vaxtlar səhv hesab etdiyi nüanslar həyatının ən böyük uğurlarına vəsilə olub. Deyir ki, təhsili ilə bağlı verdiyi qərarlardan ilk vaxtlar narazı olsa da, bu gün peşman deyil. Düşünür ki, gördüyü işə yox, nəticəyə foksulanmaq onu gücləndirir və məqsədinə çatdırır.
Müsahibimiz kibercinayətkarlıq sahəsində müstəqil ekspert, İT mühəndisi, Azərbaycan Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyində Kiber təhlükəsizliyi xidmətində - CERT -də (Computer Emergency Response Team) baş məsləhətçi işləyən Leyla Əliyevadır.
Həmsöhbətimiz 2006-2010-cu illərdə Bakı Dövlət Universitetində Tətbiqi riyaziyyat və kibernetika fakültəsində bakalavr təhsili alıb. Daha sonra Azərbaycan Neft Akademiyasında iqtisadiyyat, beynəlxalq iqtisadi əlaqələr və kompyuter riyaziyyatının əsasları üzrə idarəetmə fakültəsi üzrə magistr dərəcəsinə yiyələnib. İkinci magistr dərəcəsini isə Çində Soongsil Universitetində informasiya elmləri üzrə alıb. SINAM LLC-də "Software” departamentində ERP sistem üzrə application (tətbiq) məsləhətçisi, MilliByte LLCdə təlimçi, Azərbaycan Dövlət Neft Şirkətində, İnformasiya Texnologiyaları və Kommunikasiya İnstitutunda çalışıb.
- Leyla xanım, sizdə İT sahəsinə maraq necə yarandı?
- IT sahəsinə olan marağım 15 yaşımdan başlayıb. Onda 9-cu sinifdə oxuyurdum. İnformatika fənnini çox sevirdim. Sonra universitetə qəbul oldum və bu ixtisası seçdim. Universitet illərində də kibertəhlükəsizliklə bağlı fənlər daha çox diqqətimi cəlb etdi. Həmin vaxtdan qərara gəldim ki, nə proqramlaşdırma, nə də buna bənzər sahələr mənlikdir. Mən şəbəkə təhlükəsizlik sistem administrasiyası kimi sahələrə daha çox maraq göstərirəm. Magistr təhsilimi kompüter təhlükəsizliyi üzrə aldım. İlk dəfə magistratura dissertasiyasından iki gün sonra SOCAR-da informasiya təhlükəsizliyi sistem təminatı şöbəsində işləməyə başladım. Bununla yanaşı, Azərbaycanda "Linex” üzrə ilk bloq yazıları yazırdım. "Linex” informasiya təhlükəsizliyinin təmin olunması üçün istifadə olunan əməliyyat sistemlərini və proqram təminatlarını özündə əks etdirir. "Linex”dəki fəaliyyətimlə bağlı olaraq, hazırda işlədiyim elektron təhlükəsizliyi xidmətinə təklif aldım və burada işləməyə başladım.
- Uşaqlıqdan kompyuter ixtisaslarına maraq göstərmisiniz. Niyə məhz digər sahələr yox, kibertəhlükəsizliyi seçdiniz?
- Həmişə insanlara kömək etməyə çalışıram. Tanıdım, tanımadım fərq etməz. İnsanları qorumağı çox sevirəm. Bu sahənin məqsədləri xarakterimə çox uyğun gəlir. Həm də informasiya təhlükəsizliyi universaldır. IT-nin bütün sahələrini - sistem administratorluğu, şəbəkə administratorluğu, proqramlaşdırma, menecment, siyasətin hazırlanması və s. sahələri özündə birləşdirir. Bəlkə də mənim ona görə marağımı cəlb etdi ki, burada daha çox təhlükələrin qarşısını almaq, baş verən hadisələrin nəticələrini aradan qaldırmaq kimi məqamlar olur. Mənə həmişə proqramlaşdırma çox sıxıcı gəlib. Fikirləşirdim ki, insanlar necə ola bilər ki, saatlarla kompüter arxasında kod yaza bilər, yaxud saatlarla eyni işi görə bilər. Bu cəhətdən kibertəhlükəsizliyin çoxsahəli olması məni cəlb edib və daha çox maraq göstərdim. Bu sahədə bütün biliklərimi tətbiq edir, sadəcə bir istiqamətdə yox, bütün sahələrdə inkişaf edə bilirəm.
- Bu sahədə xanımlar çox azdır. Həmkarlarınızın daha çox qarşı cins olmasının çətinlikləri nələrdir?
- Mənfi tərəfləri çoxdur. Qadınlar daim bəylər tərəfindən demotivasiya olur. İşə götürülərkən qadınların analıq məzuniyyətinə çıxması, toy məsələləri nəzərə alınır. Fasiləsiz işləyəcək adam axtardıqlarına görə, adətən bəylərə üstünlük verirlər. Ən əsası isə bəylərin bu sahədə daha savadlı olduqlarına inanırlar. Sanki qadınlar bu işi bacarmayacaq kimi mühakimə edirlər. Düzdür, müəyyən insanlar var ki, bu sahə üzrə qadınların da kişilərdən geri qalmadıqlarını bilirlər. Özümü tək hiss etməkdən yoruluram. Bəzən tədbirdə 50 nəfər bəy olur, bir xanım. Bu, mənə təsir edir. Düzdür, qadın az olduğu üçün həmcinslərin arasında lider olmaq şansın daha çoxdur. Sən tək qadınsan və diqqət sənin üzərində olur. Amma öz sahəndə tək olmaq, özünü tək hiss etmək insanı demotivasiya edir.
- Bəs demotivasiya olduğunuz zaman özünüzü necə motivasiya edirsiniz?
- Adətən çalışıram ki, nəticələrə fokuslanım. Elə olur ki, oxuyuram sonra fikirləşirəm ki, onsuz da bəylər məni olduğumdan aşağı səviyyədə göstərib bu işə qəbul etməyəcəklər. Müsahibədən qadın olduğum üçün keçmək şansım yoxdur. Sonra nəticəyə baxıram. Düşünürəm ki, bu sertifikatı alsam, çox qadınlara stimul ola bilərəm. Onları da bu sahədə irəli getməyə stimullaşdıra bilərəm.
- Nə üçün kişilər düşünür ki, bu sahəni qadınlar bacarmaz? Bəlkə də əksər qadınlar da kişilərlə həmfikirdir... Həqiqətənmi qadınlar bu sahədə çətinlik çəkirlər?
- Hesab edirəm ki, qadınlar daha dəqiq və detallara diqqət edən olduğu üçün bu sahə onlarda daha yaxşı alınar. Kişilər həmişə özlərini qadınlardan güclü hesab ediblər. Əvvəllər qadınların avtomobil sürməsini, sürücülüyünü də bəyənmirdilər. Amma indi qəbul etdilər. Düzdür, indi də belə düşünənlər az deyil. Amma dəstək olanların da sayı çoxalıb. Eynilə kibertəhlükəsizlik də belədir. Qadınlar bacarmayacaq deyə bir məsələ yoxdur. Zamanla bunu qəbul etməyən kişilər də qəbul edəcəklər.
- Deyirlər, müasir uşaqları ailələr deyil, onlayn aləm böyüdür. İnternetdə mavi balina kimi oyunlar intihara sürükləyir. Azərbaycan belə problemlər varmı və hansısa tədbirlər görülürmü?
- Azərbaycanda uşaqlara qarşı təhlükə digər ölkələrlə müqayisədə çox azdır. Amma hər ehtimala qarşı bu sahədə kifayət qədər tədbirlər görülür. Məsələn, orta məktəblər dövlət tərəfindən filtrlənmiş internetlə təmin edilib. Uşaqlar onların tərbiyəsinə, əxlaqına ümumiyyətlə təhlükəsizliyinə qarşı yönəlmiş veb saytlara daxil ola bilmirlər. Sadəcə, onlar üçün məhdudlaşdırılmış çərçivədə saytlara baxa bilirlər. Bəzən elə olur ki, uşaqlar daxil olmasa belə, əxlaqa zidd olan saytlar çıxır. Həmin saytlarla üzləşməmələri üçün məktəblərdə filtrlənmiş internetlə təmin olunur ki, bu da ən uğurlu layihələrdən biridir. İkincisi, hər il Azərbaycanda uşaq ayı keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məktəblərdə layihələr həyata keçirilir. Xüsusilə internet təhlükəsizliyi ilə bağlı tədbirlər çox uğurludur.
- Azərbaycanda kibercinayətkarlığın daha çox hansı növləri yayılıb?
- Son zamanlarda qarşılaşdığımız əsas problemlər sosial şəbəkə hesablarının sındırılması məsələləridir. Amma bu da əslində istifadəçilərin özündən asılıdır. İstifadəçilər təhlükəsizlik qaydalarına kifayət qədər riayət etsələr, heç bir problemlə üzləşməzlər. Amma təəssüflər olsun ki, təhlükəsizlik qaydalarına riayət etmirlər. Məsələn, təhlükəsizliklə bağlı xüsusi verilmiş funksiyalardan istifadə etmirlər. Nəticədə şikayət edirlər ki, niyə hesablarım sındırıldı. Ən çox qarşılaşdığımız problemlərdən biri də "Fişinq” adlanır. "Fişinq” istənilən növ parolların, istifadəçi adlarının və şifrələrinin ələ keçirilməsi üçün istifadə olunan metoddur. Məsələn, "Facebook.com” sözünü başqa domendə açırlar, "Facebook”un səhifəsinə çox oxşayır amma əslində saxta səhifə olur. Sizə göndərirlər və deyirlər ki, sən bu linkə daxil olsan sənin üçün hazırladığım videonu görə bilərsən. İnsanlar aldanırlar və öz login parollarını daxil edirlər. Bununla da, bütün sosial şəbəkə məlumatlarını qarşı tərəfə ötürürlər. Kibercinayətkarlıqla bağlı digər məsələlərdən biri veb saytlara olan hücumlarla bağlıdır. Veb saytlara digər ölkələrdən gələn hücumlar nəticəsində Azərbaycana qarşı təxribat xarakterli məlumatlar yerləşdirilir.
- Deyirlər səhvlər nəticə çıxarmaq üçündür. Sizin hansısa səhvləriniz olubmu və o səhvlər karyeranıza necə təsir edib?
- Bəli, səhvlərim olub. Mən uşaqlıqdan rəssam-dizayner olmaq istəyirdim. Amma riyaziyyatı yaxşı bildiyim üçün anam məni məcbur edib ki, istiqamət üzrə təhsil alım. Hətta deyib ki, dizayner olsan, haqqımı halal etmərəm. Onu da anlayıram. İstəmirdi mən çox güclü olduğum sahəni gözardı edim. Həmişə düşünürdüm ki, tətbiqi riyaziyyat fakültəsində təhsil almaqla səhv etmişəm. Çünki o sahəyə qəbul olmaq da, oxumaq da çox çətindir. Çox oxumalı və çalışmalı olurdum. Bəzən anam da deyirdi ki, bəlkə fikrini dəyişəsən? Elə öz sahənə - dizaynerliyə keçəsən? Mən həmişə deyirdim ki, bunun üçün artıq çox gecdir. Bu qədər zəhmət çəkmişəm buna qarşılıq olaraq, gərək bitirim və ixtisasıma sahib çıxım. Həmişə səhv etdiyimi düşünə-düşünə ixtisasıma davam edirdim. Amma indi heç peşman deyiləm. Sevinirəm ki, belə gözəl ixtisas seçmişəm. Həyatımın ən gözəl uğurları elə bu ixtisasla bağlıdır.
- Ağıllı adamlar adətən məqsədlərini gizlədirlər. Hətta ən yaxın dostlarına da danışmırlar. Bu prinsip sizin üçün keçərlidirmi?
- Əksinə, paylaşıb, məsləhət almağı sevirəm. Həm də insanların motivasiya etməsi məni ruhlandırır. Amma bəzən də onlardan dəstək ala bilməyəcəyimi bildiyim üçün gizlədirəm. Daha doğrusu, gözləyirəm məqsədimə çatım, sonra bu barədə hamıya deyim.
- Uğur sirriniz nədir?
- Məqsədlərini unutmamaq, daim öz üzərində çalışmaq, heç vaxt məqsədə gedən yolun çətinliyinə fokuslanmamaq və daim nəticəni düşünmək. Çünki nəticədən çox, ona çatmaq üçün getdiyimiz yolun çətinliyinə fokuslananda ruhdan düşürük. Amma nəticəyə fokuslanmaq və gələcəkdə bu nəticənin faydalı olduğunu düşünmək bizi gücləndirir və daha çox çalışmağa başlayırıq.
“Kişilər qəbul edəcək ki, qadınlar bu işi bacarar” - Uğur hekayəsi
10:20
8 İyun 2018