Cari ilin 6 ayı üzrə “Azərpoçt” MMC-nin gəliri 33 milyon manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövründəkindən 3 faiz çoxdur.
"Azərpoçt" I yarımilin maliyyə nəticələri haqda - BRİFİNQ KEÇİRİB
FED.az xəbər verir ki, bunu “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov cəmiyyətin 2023-cü ilin birinci yarısına həsr olunmuş brifinqdə deyib.
O bildirib ki, cari ilin ilk 6 ayında xalis mənfəət 2,3 milyon manat, EBİTDA isə 4,2 milyon manat olub: “Həmin dövrdə qurumun xərcləri 31 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çoxdur”.
Onun sözlərinə görə, xərc artımının 55 faizi əməkhaqqı xərclərinin payına düşüb. Belə ki, 2023-cü ilin əvvəlində minimum əməkhaqqının 17 faiz artımı (300 manatdan 350 manata) xərclərin artımına səbəb olub.
Əfqan Cəlilov diqqətə çatdırıb ki, “Azərpoçt” əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş bonus planı artıq tətbiq edilib və təkcə 1-ci rüb üzrə 540 nəfərin aylıq gəlirinin 500 AZN-ə qədər artırılmasına nail olunub. (Azırtac)